X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyi kollegiyasının iclası keçirilmişdir

Ədliyyə Nazirliyinin kollegiya iclasında 2009-cu ildə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.

Çıxış edən ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş hərtərəfli islahatların dövlət başçısı cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə inkişaf etdirildiyini, həyata keçirilən uğurlu iqtisadi siyasət və genişmiqyaslı quruculuq işləri nəticəsində, ölkəmizin iqtisadi potensialının dəfələrlə yüksəldiyini, Azərbaycanın dünyada analoqu olmayan inkişaf sürətinə nail olduğunu vurğulamış, ədliyyə və məhkəmə sisteminin inkişafı üzrə tədbirləri qeyd etmişdir.

İclasda ədliyyə fəaliyyətinin ayrı-ayrı sahələri, habelə ölkə Prezidenti tərəfindən ötən il təsdiq edilmiş Azərbaycan ədliyyəsinin inkişafına dair Dövlət Proqramının icrası üzrə görülmüş işlər qeyd olunmuş, ədliyyə və məhkəmə sistemində həyata keçirilən mütərəqqi tədbirlər vurğulanmışdır.

Qeyd olunmuşdur ki, 2009-cu ildə nazirlik tərəfindən qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması, əhalinin rifahının yaxşılaşdırılmasına yönəlmiş 66 normativ hüquqi akt layihəsi hazırlanmış, müxtəlif hüquq münasibətlərini tənzimləyən 1300-dək belə akt hüquqi ekspertizadan keçirilmişdir.

Məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi üzrə təsirli tədbirlər nəticəsində il ərzində daxil olmuş icra işlərinin 85%-i tam icra edilmiş, icradan yayınan 800-dən çox şəxs inzibati məsuliyyətə cəlb olunmuş, habelə 125 nəfər barədə cinayət işi başlanılmışdır. 20 mindən çox bələdiyyə aktı inzibati nəzarət qaydasında yoxlanılmış, aşkar edilmiş cinayət xarakterli hüquq pozuntuları, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar 23 fakt üzrə materiallar prokurorluq orqanlarına göndərilmiş və cinayət işləri başlanılmış, habelə qanunsuz hərəkətlərə görə 674 bələdiyyə sədrinin inzibati məsuliyyətə cəlb olunması üzrə məsələ qaldırılmışdır.

Hesabat ili ərzində ölkənin notariat orqanları tərəfindən 2,5 milyon notariat hərəkəti rəsmiləşdirilmiş, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı 310 mindən çox  əməliyyat aparılmışdır.

Ölkə əhalisi barədə vahid və unikal informasiya resursunun yaradılması məqsədilə əhalinin 75 il ərzində vətəndaşlıq vəziyyətini müəyyən edən akt qeydlərinin elektron formata keçirilməsi ilə bağlı ötən il 11 milyondan çox texnoloji əməliyyat aparılmış və bu nəhəng iş nəticəsində mövcud 15 milyon akt qeydindən 7 milyondan çoxu tam olaraq elektron formata keçirilmişdir.

Demokratiyanın möhkəmləndirilməsi və inkişafında mühüm rol oynayan, müasir cəmiyyətimizin ayrılmaz tərkib hissəsinə çevrilmiş qeyri-hökumət təşkilatlarının sayı ilbəil artmış, o cümlədən 2009-cu ildə 160-dan çox təşkilat dövlət qeydiyyatına alınmış, 300-dən çox mətbu nəşr uçota götürülmüşdür. Hazırda ölkədə dövlət qeydiyyatına alınmış qeyri-kommersiya təşkilatlarının sayı 3400-ə yaxın olmuş, KİV-ələrin sayı isə 4100-ü ötmüşdür

Ədliyyə infrastrukturunun təkmilləşdirilməsi çərçivəsində Əhalinin Dövlət Reyestri Xidməti, Notariat və qeydiyyat Baş idarəsi, regional ədliyyə şöbələri üçün yeni binalar inşa edilmiş, ədliyyə qurumları ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilmişdir.

Məhkumların hüquqlarının daha etibarlı təmin edilməsi və saxlanma şəraitinin yaxşılaşdırılması məqsədilə ən yüksək tələblərə cavab verən Bakı İstintaq Təcridxanasının birinci buraxılış obyektləri ötən il istifadəyə verilmiş, bununla da 120 il əvvəl Bayılda tikilmiş və məhkumların hüquqlarının təmin edilməsi baxımından müasir tələblərinə cavab verməyən 1 saylı Bakı İstintaq Təcridxanası ləğv olunmuşdur.

Ədliyyə sistemində islahatlara daim yüksək diqqət yetirən dövlət başçımız yeni inşa edilmiş Əhalinin Dövlət Reyestri Xidmətinin binasına və penitensiar kompleksə baş çəkərək yaradılmış şərait və qabaqcıl texnologiyaların imkanları ilə tanış olmuş, zəruri göstərişlər vermişdir.

Dövlət başçısının məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tapşırıqlarının icrası çərçivəsində hakim korpusunun şəffaf prosedurlarla formalaşdırılması üzrə tədbirlər davam etdirilərək 80 nəfər hakimliyə namizəd Ədliyyə Akademiyasında 2009-2010-ci tədris ilində keçirilən uzunmuddətli kursa cəlb olunmuş, məhkəmə infrastrukturunun təkmilləşdirilməsi, hakimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üzrə və digər mütərəqqi tədbirlər ədalət mühakiməsinin səmərəliliyinin artmasına müsbət təsir göstərmişdir.

İclasda dövlət başçısı tərəfindən ədliyyə işinə göstərilən yüksək diqqət və etimadın təzahürü olaraq son illər 74 nəfər ədliyyə işçisinin müxtəlif orden və medallarla təltif olunması, 4 nəfərə fəxri adlar verilməsi, 16 nəfərin ali xüsusi rütbələrə layiq bilinməsi qeyd olunmuş, "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuş ədliyyə işçilərinə həmin medallar təntənəli təqdim edilmişdir.

Çıxış edən ədliyyə işçiləri bu yüksək dövlət təltiflərinə layiq bilindiklərinə görə dövlət başçısına dərin minnətdarlıqlarını ifadə etmiş, ədliyyə fəaliyyətinin inkişafı naminə bundan sonra da əzmlə çalışacaqlarını bildirmişlər.

Keçidlər