X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Xocalı faciəsi qurbanlarının xatirəsi ədliyyə orqanlarında anılmışdır

Son yüz ildən artıq dövrdə qəsbkar erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı və etnik təmizləmə siyasətinin yeni bir qanlı səhifəsi olan Xocalı faciəsi bəşəriyyətə, insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətdir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni terrorçu dəstələri tərəfindən azərbaycanlılara qarşı soyqırımı aktı törədilmiş, Xocalı toplardan və digər hərbi texnikadan şiddətli atəşə tutularaq darmadağın edilmiş, dinc sakinlərə vəhşicəsinə divan tutulmuş, qocalar, uşaqlar, qadınlar işgəncə ilə öldürülmüş, ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qalaraq girov götürülmüşdür.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı hadisələrinə siyasi-hüquqi qiymət verilmişdir.

Artıq Xocalı faciəsindən 18 il ötür. Hər il fevralın 26-sı - "Xocalı soyqırımı günü" Azərbaycan xalqı bu dəhşətli qırğının qurbanlarının xatirəsini ehtiramla yad edir, ölkəmizdə və onun hüdudlarından kənarda anma mərasimləri keçirilir. Heydər Əliyev Fondunun ayrı-ayrı ölkələrdə geniş miqyasda təşkil etdiyi və faciənin həqiqətlərinin yayılmasına yönəldilmiş anım tədbirləri, Rusiya Azərbaycan Gənclər Təşkilatının sədri Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis edilmiş və 30-dan artıq ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilən "Xocalıya ədalət" beynəlxalq informasiya və təşviqat kampaniyası çərçivəsində Xocalı faciəsi ilə bağlı real faktların foto və film sərgiləri, internet, beynəlxalq konfranslar və nümayişlər, o cümlədən aparıcı beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərin keçirilməsi vasitəsilə dünya ictimaiyyətinin məlumatlandırılması, soyqırımına beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və bu qanlı qırğının qurbanlarının xatirəsinin anılması naminə ardıcıl və məqsədyönlü işlər həyata keçirilir.

Ədliyyə Nazirliyində və onun bütün struktur qurumlarında Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilərək, erməni terrorçu dəstələrinin Xocalı şəhərində törətdikləri qırğının acı nəticələrindən, dinc əhaliyə amansız divan tutulmasından danışılmış, bu soyqırımın miqyasına, amansızlığına və qəddarlığına görə bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli və müdhiş cinayət olduğu bildirilmiş, xalqımızın başına gətirilən bu faciəni törədən cinayətkarların, onların havadarlarının gec-tez layiqli cəzalarını alacaqlarına əminlik ifadə olunmuş, faciə qurbanları ehtiramla anılmış və onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Nazirlikdə Xocalı faciəsi barədə sənədlərdən, arxiv və foto materiallardan ibarət xüsusi stend hazırlanmış, eyni zamanda, ədliyyə işçiləri üçün nazirliyin kinozalında erməni vandallarının Xocalıda törətdikləri vəhşiliklərdən bəhs edən sənədli filmlər nümayiş etdirilmişdir.

Keçidlər