X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

BMT-nin cinayətkarlıqla mübarizəyə həsr olunmuş 12-ci Konqresi keçirilmişdir

BMT-nin cinayətkarlıqla mübarizəyə həsr olunmuş 12-ci Konqresi keçirilmişdir

BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə
12-ci Konqresi, aprel 2010-cu il

Bu il aprelin 12-19-da Braziliyanın Salvador şəhərində BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə 12-ci Konqresi keçirilmişdir.

Dünyanın demək olar ki, bütün ölkələrindən olan 3 min nəfərə yaxın nümayəndənin, o cümlədən ədliyyə və daxili işlər nazirləri, baş prokurorlar, digər hökumət üzvləri, nüfuzlu beynəlxalq təşkilatların rəhbər vəzifəli şəxslərinin iştirak etdiyi bu mötəbər forumda Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədovun rəhbərliyi ilə Baş Prokurorluğun, Ədliyyə, Milli Təhlükəsizlik, Daxili və Xarici İşlər nazirliklərinin məsul şəxslərindən ibarət nümayəndə heyəti təmsil etmişdir.

Beş ildən bir təşkil olunan və qlobal səviyyədə cinayətkarlığa qarşı mübarizə siyasətini müəyyən edən bu mötəbər tədbirin açılış mərasimində Konqresin rəhbərliyi formalaşdırılmış və Braziliyanın ədliyyə naziri Luis Paulo Barretto Konqresin prezidenti, Azərbaycanın ədliyyə naziri isə vitse-prezidentlərdən biri seçilmişdir.

Tədbir zamanı yüksək səviyyəli sessiya keçirilərək, açılışda Braziliyanın ədliyyə naziri, Ali Məhkəmənin sədri, Salvador şəhərinin yerləşdiyi Bahia ştatının qubernatoru iştirak etmişlər. BMT Baş Katibinin müavini, Cinayətkarlıq və narkotiklərlə mübarizə üzrə Ofisinin icraçı direktoru Antonio Maria Kosta sessiyada proqram xarakterli çıxış etmiş, transmilli mütəşəkkil cinayətkarlığın beynəlxalq təhlükəsizlik sisteminə və qlobal inkişafa mənfi təsirindən, bu məsələdə BMT-nin və üzv dövlətlərin səylərin gücləndirilməsinə mühüm təkan verə biləcək Konqresin xüsusi rolundan danışaraq bir sıra təkliflər irəli sürmüşdür

Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun
konqresdə çıxışı

.

50-ə yaxın yüksək səviyyəli şəxslərin nitq söylədiyi sessiyada ölkəmizin ədliyyə naziriçıxış edərək cinayətkarlığın qarşısının alınması, cinayət ədliyyəsi sisteminin və beynəlxalq əməkdaşlığın gücləndirilməsi üzrə tədbirləri vurğulamışdır. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə iqtisadi, sosial və digər sahələrdə əldə edilmiş yüksək nailiyyətlər, qanunvericiliyin təkmilləşdirilməsi, məhkəmə-hüquq islahatı, penitensiar sistemdə müsbət dəyişikliklər barədə ətraflı məlumat verilmişdir. Tədbir iştirakçılarının diqqəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Ermənistan tərəfindən torpaqlarımızın işğalına, bir milyon soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb edilmişdir.

Maraqla qarşılanmış çıxışda transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsinə dair təkliflər irəli sürülmüş, çıxışın ingilis və rus dillərində olan mətnləri tədbir iştirakçıları arasında yayılmışdır.

Nümayəndə heyətinin üzvləri tərəfindən gündəliyin əsas məsələləri üzrə çıxışlar edilmiş, Milli Təhlükəsizlik Nazirliyi Hüquq idarəsinin rəisi Bəxtiyar Hacıyev terrorçuluqla və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə, Daxili İşlər Nazirliyi Kadrlar idarəsinin rəis müavini Ənvər Məmmədov kiber-cinayətkarlığın qarşısının alınması, ədliyyə nazirinin köməkçisi Adil Əbilov penitensiar sistemdə islahatlar və beynəlxalq hüquqi yardımın səmərəliliyi üzrə çıxış edərək Azərbaycan təcrübəsi barədə məlumat vermişlər.

Yekunda cinayətkarlıqla mübarizə üzrə səylərin gücləndirilməsinə dair Salvador Bəyannaməsi qəbul olunmuşdur.

Forum çərçivəsində həmçinin Braziliyanın ədliyyə naziri ilə rəsmi görüş keçirilmişdir. Səmimi şəraitdə keçmiş görüşdə hüquqi sahədə əməkdaşlığın möhkəmləndirilməsinə maraq göstərilmiş, bu əlaqələrin genişləndirilməsi üçün perspektivlərin olduğu vurğulanmışdır. Həmçinin, iki ölkənin Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair sənədin imzalanması məsələsinə toxunulmuşdur.

Mərakeşin ədliyyə naziri Mohammed Naciri ilə də görüş keçirilərək dövlətlərimiz arasında hüquqi əməkdaşlığa dair 4 sənədin tam razılaşdırıldığı məmnunluqla qeyd olunmuş və onların imzalanması üçün Mərakeş nazirinin Azərbaycana səfəri ilə bağlı məsələ müzakirə edilmişdir.

Səfər zamanı həmçinin, BMT, Avropa Şurası, digər beynəlxalq təşkilatların, habelə bir sıra dövlətlərin ədliyyə, prokurorluq və s. hüquq-mühafizə orqanlarının rəhbərləri ilə işgüzar görüşlər keçirilərək, əməkdaşlığa dair faydalı fikir və təcrübə mübadiləsi aparılmışdır.

Konqres ərəfəsində ədliyyə naziri Braziliyada daha bir tədbirdə - vitse-prezidenti olduğu Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası İcraiyyə Komitəsinin iclasında iştirak etmişdir. Toplantıda qurumun işi ilə bağlı bir sıra təşkilati məsələlərə baxılmış, o cümlədən nazirin təklifləri əsasında Komitənin tərkibi genişləndirilərək yeni üzvlər seçilmiş, Assosiasiyanın fəaliyyətinin səmərəsinin artırılması üzrə tədbirlər müzakirə edilmişdir.

Azərbaycanın nümayəndə heyəti
Braziliyanın ədliyyə naziri Luis Paulo Barretto ilə görüş

Mərakeşin ədliyyə naziri Mohammed Naciri ilə görüş
 Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası
İcraiyyə Komitəsinin iclası, Braziliya 2010-cu il
Azərbaycanın
ədliyyə naziri
Fikrət Məmmədovun çıxışı
 
 İAACA tədbiri iştirakçılarının xatirə şəkli

Keçidlər