X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan xalqının Milli Qurtuluş günü ədliyyə orqanlarında geniş qeyd olunmuşdur

1993-cü il iyunun 15-də müstəqil Azərbaycanın siyasi tarixinin ən məsul günlərindən biri yaşandı. Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyev xalqın iradəsi ilə ölkə rəhbərliyinə qayıdaraq həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən xilas olub gələcəyə inamla baxan güclü və sabit bir dövlətə çevrildi.

Dahi öndərin ölkə rəhbərliyinə qayıdış günü Azərbaycan xalqının və müstəqil dövlətinin qurtuluşunun başlanğıcı kimi qiymətləndirilərək bu tarixi hadisə ölkəmizdə ən əlamətdar bayramlardan olan Milli Qurtuluş günü elan edilmişdir.

Respublikamızda geniş qeyd olunan bu bayram münasibətilə Ədliyyə Nazirliyinin rəhbər işçiləri Heydər Əliyev adına Sarayın qarşısındakı parka gələrək ulu öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla anmış, onun abidəsi önünə əklil qoymuşlar. Sonra ümummilli liderimizin nazirlikdəki büstü önünə gül dəstələri düzülmüş, əziz xatirəsi yad edilmiş, Heydər Əliyev muzeyində dahi öndərin həyat və fəaliyyətini əks etdirən ekspozisiyalarla tanış olunmuş, nazirliyin kinozalında filmlər nümayiş etdirilmişdir.

Milli Qurtuluş günü nazirliyin bütün struktur qurumlarında geniş qeyd olunmuş, əbədiyaşar lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən danışılmış, ulu öndərin siyasi kursunu və yüksək amallarını layiqincə yaşadan və davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bütün sahələrində qazanılmış böyük nailiyyətlərdən bəhs edilmişdir.

Dahi öndərin müəyyən etdiyi inkişaf kursuna daim sadiq qalan ədliyyə işçiləri müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsi və ölkəmizin hərtərəfli inkişafı naminə bundan sonra da dövlət başçısına layiqli yardımçı olmaq üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirmişlər.

Keçidlər