X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyinin Kollegiya iclası keçirilmişdir

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə Nazirliyin geniş kollegiya iclası keçirilmişdir.

İclasda "Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında" ölkə Prezidenti cənab İlham Əliyevin 22 iyun 2009-cu il tarixli Fərmanının qəbul edilməsindən keçən 1 il ərzində onun icrası üzrə görülmüş işlər müzakirə olunmuşdur.

Qeyd edilmişdir ki, dövlət başçısının fərmanı daim diqqət mərkəzində saxlanılaraq, Ədliyyə Nazirliyi üzrə əmr verilmiş, ədliyyə orqanlarının üzərinə konkret tapşırıqlar qoyulmuşdur. İclasda fərmanın icrası üzrə görülmüş işlər barədə məlumat verilmiş, o cümlədən inzibati nəzarət qaydasında 20 mindən çox bələdiyyə aktına baxıldığı və həmin aktları vaxtında təqdim etməyən 564 bələdiyyə sədri barəsində inzibati xəta protokollarının tərtib edilərək məhkəmələrə verildiyi, bələdiyyələrin fəaliyyətində aşkar olunmuş korrupsiya hüquqpozmaları ilə bağlı 21 fakt üzrə materialların hüquqi qiymət verilməsi üçün prokurorluğa göndərildiyi, 4 min hektara yaxın torpaq sahəsinin qanunsuz ayrılmasına dair qərarlar ləğv edilərək bələdiyyə mülkiyyətinə qaytarıldığı vurğulanmışdır.

Regional ədliyyə şöbələri rəhbərlərinin iştirak etdiyi Kollegiyada bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi, şəffaflığın artırılması, regional ədliyyə şöbələri ilə işin daha səmərəli əlaqələndirilməsi, Ədliyyə Akademiyası ilə birgə bələdiyyə üzvləri və qulluqçuları üçün hüquqi maarifləndirmənin genişləndirilməsi, inzibati nəzarəti həyata keçirən əməkdaşların peşəkarlığının yüksəldilməsi üzrə əlavə tədbirlərin görülməsi qərara alınmışdır.

İclasda həmçinin, ədliyyənin inkişafı üzrə həyata keçirilmiş mühüm tədbirlər, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, ədliyyə orqanlarında, xüsusilə penitensiar, notariat sahəsində yeni müasir texnologiyaların tətbiqi, habelə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülmüş işlər qeyd olunmuş, məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunaraq, konkret tapşırıqlar verilmişdir.

Kollegiyada bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınmışdır.

Keçidlər