X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Niderland və Azərbaycan arasında hüquqi əməkdaşlıq genişlənir

Qabaqcıl Avropa dövlətləri ilə hüquqi əməkdaşlığın daha da genişləndirilməsinə xüsusi önəm verilərək, Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun dəvəti ilə Niderland Krallığının ədliyyə naziri cənab Ernst Hirş Ballin rəhbərlik etdiyi nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlmişdir.

Niderlandlı nazir Fəxri Xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etmişdir.

Avqustun 9-da nazir Hirş Ballin respublikamızın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.

Azərbaycan və Niderland arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafını qeyd edən nazir F.Məmmədov iki ölkənin ədliyyə orqanları arasında 2002-ci ildə imzalanan Anlaşma Memorandumunun hüquqi sahədə əlaqələrin inkişafına təkan verdiyini vurğulamış, qarşılıqlı münasibətlərin dərinləşdirilməsi üçün böyük perspektivlərin olduğunu bildirmiş, ötən il Norveçdə keçirilmiş Avropa ədliyyə nazirlərinin 29-cu konfransında səmimi ikitərəfli görüşləri məmnunluqla xatırlatmışdır.

Respublikamızda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ədliyyə və məhkəmə islahatları barədə məlumat verilmiş, bu sahədə xarici dövlətlərlə və nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığın əhəmiyyəti vurğulanaraq niderlandlı hüquqşünasların iştirakı qeyd edilmişdir.

Niderlandın ölkəmizlə hərtərəfli əməkdaşlığa böyük önəm verdiyini bildirən qonaq dünyada hökm sürən maliyyə böhranı şəraitində Azərbaycanın dinamik tərəqqisini, səfər zamanı bu inkişafın şahidi olduğunu vurğulamış, respublikamızda olmağından məmnun qalaraq, səfərin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirmişdir. Nazir E.H.Ballin ölkəmizdə məhkəmə və ədliyyə, o cümlədən penitensiar sistemdə aparılan islahatları və əldə olunmuş nailiyyətləri təqdir etmiş, Azərbaycana səfərinin hüquqi sahədə əlaqələrin inkişafına töhfə olacağını vurğulayaraq, əməkdaşlığın daha da genişləndirilməsi üçün dəstək verməyə hazır olduğunu söyləmişdir.

Görüşdə ədliyyənin müxtəlif istiqamətləri üzrə birgə tədbirlərin həyata keçirilməsi ilə bağlı razılıq əldə olunmuş, inzibati ədliyyənin formalaşdırılması, Ədliyyə Akademiyasının fəaliyyəti, hakim və hakimliyə namizədlərin treninqi, o cümlədən xaricə tədris səfərlərinin təşkili, QHT-lərlə əməkdaşlıq və penitensiar sistemdə islahatlar, habelə digər maraq kəsb edən mövzular üzrə faydalı fikir mübadiləsi aparılmış, bu ilin sentyabrında Haaqada keçiriləcək Beynəlxalq Prokurorlar Assosiasiyasının 15-ci İllik Konfransının əhəmiyyəti və Azərbaycan ədliyyə nazirinin bu təşkilatın rəhbər orqanının – İcraiyyə Komitəsinin üzvü olduğu vurğulanmış, ölkəmizin nümayəndə heyətinin həmin tədbirdə iştirakı məsələsinə toxunulmuşdur.

Nümayəndə heyəti nazirlikdə Heydər Əliyev və Ədliyyə tarixi muzeyləri, habelə Azərbaycan-Niderland münasibətlərinə həsr olunmuş ekspozisiyalarla tanış olmuş, qonaqlara Azərbaycan dövləti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı materialları əks etdirən DVD disklər, müasir ədliyyə fəaliyyətini və iki ölkə arasında hüquqi əlaqələri əks etdirən xüsusi jurnallar təqdim edilmişdir.

Elə həmin gün niderlandlı nazir ölkəmizin penitensiar sahədə aparılan islahatları ilə yaxından tanış olmaq üçün müasir, beynəlxalq standartlara uyğun inşa olunmuş yeni Bakı istintaq təcridxanasına baş çəkmişdir.

Səfər çərçivəsində Niderland ədliyyə nazirinin ölkəmizdə bir sıra rəsmi görüşləri, habelə bölgələrdə yerli ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti ilə tanışlığı nəzərdə tutulur.

 

Keçidlər