X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

BMT ilə səmərəli əməkdaşlıq davam edir

Avqustun 26-da ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov BMT-nin Azərbaycandakı yeni rezident-əlaqələndiricisi Fikret Akçura ilə görüşmüşdür.

BMT-nin ölkəmizlə sıx əməkdaşlığını vurğulayan nazir F.Akçuranı respublikamızda fəaliyyətə başlaması münasibətilə təbrik edərək, işində uğurlar arzulamış, qarşılıqlı fəaliyyətin daha da genişlənəcəyinə əmin olduğunu bildirmişdir. Nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu məhkəmə-hüquq islahatı, o cümlədən hakimlərin Avropada ən mütərəqqi üsullarla seçimi və tədrisi, habelə penitensiar sistemin müasirləşdirilməsi üzrə görülən işlər barədə məlumat vermiş, həyata keçirilən tədbirlərdə nüfuzlu beynəlxalq təşkilatların, xüsusilə BMT-nin iştirakını yüksək qiymətləndirmişdir.

Söhbət zamanı BMT ilə əməkdaşlıq çərçivəsində uğurlu layihələrin həyata keçirildiyi qeyd olunaraq, əhalinin dövlət reyestrinin formalaşdırılması və inkişafı üzrə birgə layihənin səmərəsi xüsusilə vurğulanmışdır.

Digər dövlətlərin on illər ərzində əldə etdikləri nailiyyətləri Azərbaycanın qısa müddətdə qazandığını bildirən qonaq ölkəmizdə olmağından məmnunluğunu ifadə etmiş, ədliyyə və məhkəmə sistemində aparılan genişmiqyaslı işlərə böyük maraq göstərərək, bu sahədə müasir infrastrukturun yaradılmasını təqdir etmiş, həyata keçirilən islahatlarda hər cür dəstək göstərməyə hazır olduğunu və əməkdaşlığın daha da gücləndirilməsində səylərini əsirgəməyəcəyini söyləmişdir.

Görüşdə həmçinin, insan hüquqlarının təşviqi, qanunvericiliyin təkmilləşdirilməsi, inzibati məhkəmələrin yaradılması, Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi və digər məsələlərə dair faydalı fikir mübadiləsi aparılmış, konkret təkliflər irəli sürmüşdür.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

Keçidlər