X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

BQXK-nın ölkəmizlə əməkdaşlığı yüksək səviyyədədir

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyat rəhbəri xanım Paskal Mej Vaqner sentyabrın 28-də ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşdür.

Azərbaycan və BQXK arasında səmərəli əməkdaşlığı vurğulayan nazir dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə, o cümlədən penitensiar infrastrukturun beynəlxalq tələblərə uyğun müasirləşdirilməsi üzrə tədbirlərdən danışmış, həmçinin Komitənin də tövsiyələri nəzərə alınmaqla yeniləşmiş penitensiar qanunvericiliyin məhkumların hüquqlarının daha etibarlı təmin olunması baxımından əhəmiyyətini bildirmiş, Komitənin fəal dəstəyini qeyd etmişdir.

BQXK-nın ölkəmizlə əməkdaşlığının yüksək səviyyədə olduğunu məmnunluqla bildirən qonaq dövlətimizin güclü siyasi iradəsi ilə penitensiar sistemdə həyata keçirilən köklü islahatları, o cümlədən cəzaçəkmə müəssisələrində məhkumlar üçün yüksək şəraitin yaradılmasını təqdir etmişdir. Eyni zamanda, tibbi yardımın köklü surətdə yaxşılaşdırılması nəticəsində məhkumlar arasında vərəmin səviyyəsinin xeyli azalmasını alqışlayan xanım Vaqner, Azərbaycanın bu xəstəliklə mübarizədə əldə etdiyi yüksək nailiyyətləri qeyd etmişdir.

Qonaq Azərbaycanın bu sahədə BQXK-nın köməyinə ehtiyacı qalmadığını bildirərək, ölkəmizin öz müsbət təcrübəsinin artıq digər dövlətlərə yaymaq imkanında olduğunu vurğulamış, Tacikistan və Qırğızıstanın bu təcrübədən bəhrələndiyini söyləmişdir.

Söhbət zamanı Azərbaycan Hökuməti ilə BQXK arasında 2000-ci ildə bağlanmış Komitənin nümayəndələrinə məhbuslarla təkbətək görüşlərin keçirilməsinə icazə verən Saziş çərçivəsində edilən başçəkmələrin səmərəliliyi qeyd olunaraq həmin sənədin implementasiyası ilə bağlı fikir mübadiləsi aparılmış, bu sahədə ölkəmizdə milli preventiv mexanizmin yaradıldığı yüksək qiymətləndirmiş, əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.

Görüşdə BQXK-nın Azərbaycandakı yeni nümayəndəsi xanım Şerin Pollini iştirak etmişdir.

Sonra qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.

Keçidlər