X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Beynəlxalq antikorrupsiya fəaliyyətində Azərbaycan mühüm rol oynayır

Beynəlxalq antikorrupsiya fəaliyyətində Azərbaycan mühüm rol oynayır

Beynəlxalq Antikorrupsiya Assosiasiyasının 4-cü illik Konfransı,
Çin, Makao, 2-5 noyabr 2010-cu il

Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədilə Çinin təşəbbüsü və BMT-nin dəstəyi ilə Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası yaradılmışdır. Azərbaycan bu sosial bəla ilə mübarizəyə mühüm əhəmiyyət verərək Assosiasiyanın təşkilatçılarından biri kimi çıxış etmiş, Pekində keçirilmiş Təsis Konfransında ölkəmizin ədliyyə naziri qurumun vitse-prezidenti seçilmiş, təşkilatın İcraiyyə Komitəsinin iclaslarından biri Bakıda olmuşdur.

Ümumi yığıncaq

Bu il noyabrın 2-dən 5-dək Çin Xalq Respublikasında (Makaoda) Assosiasiyanın 4-cü İllik Konfransı və Ümumi Yığıncağı keçirilmişdir. Tədbir BMT-nin Korrupsiyaya qarşı Konvensiyası çərçivəsində beynəlxalq əməkdaşlığa, hüquqi yardımın səmərəliliyinin artırılmasına, cinayətkarların ekstradisiyasına və digər aktual məsələlərə həsr olunmuşdur.

Konfransda Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədovun rəhbərliyi ilə nazirliyin və Baş Prokurorluğun məsul əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil etmişdir.

Makao xüsusi inzibati
regionu rəhbərinin çıxışı

Konfransın açılışında Makao xüsusi inzibati regionunun başçısı Fernando Çuy Say On və Çinin baş prokuroru Çao Cianminq, habelə BMT və digər mötəbər beynəlxalq təşkilatların yüksək nümayəndələri çıxış etmişlər. Sonra regionun başçısı Assosiasiyanın prezidenti və vitse-prezidentləri ilə görüşmüşdür.

Ölkəmizin Assosiasiyanın işində fəal təmsilçiliyi və təşəbbüskarlığı nəzərə alınaraq, 150-dən çox ölkədən olan 700 nümayəndənin, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq-mühafizə orqanları rəhbər şəxslərinin iştirakı ilə keçirilmiş forumu ilk çıxışla ədliyyə naziri F.Məmmədov açmışdır. Çıxışda antikorrupsiya sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyəti qeyd olunaraq, onun səmərəliliyinin artırılması və Assosiasiyanın fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı bir sıra təkliflər irəli sürülmüşdür. Tədbir iştirakçılarının diqqəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, torpaqlarımızın 20%-nin Ermənistan tərəfindən işğalına cəlb edilmişdir. Bununla yanaşı, ölkəmizin korrupsiya ilə mübarizədə müsbət praktikası barədə məlumat verilmişdir.

Azərbaycan nümayəndə heyəti

Maraqla qarşılanmış ingilis dilində məruzənin həm də rus dilində olan mətnləri tədbirdə yayılmış və Konfrans zamanı Azərbaycanın təcrübəsinə dəfələrlə istinad edilmişdir.

Nümayəndə heyətinin üzvləri tərəfindən də tədbirdə fəal iştirak olunaraq, seminarlarda çıxışlar edilmişdir.

Eyni zamanda, Assosiasiyanın Ümumi Yığıncağında təşkilatın yeni prezidentinin, vitse-prezidentlərinin və İcraiyyə Komitəsi üzvlərinin seçkisi keçirilmişdir. Çin Xalq Respublikasının Baş Prokuroru bu mötəbər təşkilatın prezidenti, ölkəmizin ədliyyə naziri isə yenidən qurumun vitse-prezidenti seçilmişdir. F.Məmmədov Ümumi Yığıncaqda İcraiyyə Komitəsi adından təşkilati məsələlər üzrə çıxış edərək bir sıra təşəbbüslər irəli sürmüş və onlar yekdilliklə dəstəklənmişdir. Forumun yekununda korrupsiyaya qarşı əhatəli tədbirlərə dair Bəyannamə qəbul olunmuşdur.

Çinin Baş prokuroru
Çao Cianminq ilə görüş

Konfrans zamanı Çinin Baş prokuroru, Assosiasiyanın yeni prezidenti Çao Cianminqin təşəbbüsü ilə ölkəmizin nümayəndə heyəti ilə görüş keçirilmişdir. Çao Cianminq dövlətlərimiz arasında dostluq əlaqələrinin dinamik inkişafını vurğulayaraq, bu sahədə xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna rolunu xüsusilə qeyd etmiş, hüquq-mühafizə orqanları arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirmişdir. Görüşdə hüquqi əməkdaşlığın prioritetləri barədə fikir mübadiləsi aparılmış, qarşılıqlı səfərlərə dair razılıq əldə edilmişdir.

Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzunun artması ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin və hərtərəfli islahatların bariz təzahürüdür.

Keçidlər