X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ölkəmizin GTZ ilə əməkdaşlığı inkişaf edir

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) Cənubi Qafqaz üzrə bürosunun yeni rəhbəri Martin Homula ilə görüşmüşdür.

GTZ ilə hüquqi sahədə səmərəli əməkdaşlığı qeyd edən nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsini, o cümlədən yeni regional məhkəmələrin yaradılmasını, hakimliyə namizədlərin Avropada ən mütərəqqi qaydalarla seçimini və mükəmməl tədrisini, nəticədə hakim korpusunun yarıyadək yeniləşməsini vurğulamış, bu tədbirlərin həyata keçirilməsində bir sıra beynəlxalq təşkilatların, xüsusilə GTZ-nin fəal iştirakını təqdir etmişdir.

Ölkəmizlə əlaqələrin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edən qonaq GTZ-nin proqramları sırasında hüquqi sahədə həyata keçirilən layihənin xüsusi yer tutduğunu vurğulayaraq Ədliyyə Nazirliyi ilə əməkdaşlığı yüksək qiymətləndirmişdir. Layihənin Almaniya tərəfindən növbəti iki illik müddətə uzadıldığını söyləyən GTZ rəsmisi əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı niyyətini bildirmiş və bununla əlaqədar konkret tədbirlərə dair təkliflər irəli sürmüşdür. Qonaq həmçinin, texniki yardım göstərən alman təşkilatlarının GTZ bazasında birləşdirilərək yeni Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) yaradıldığını bildirmişdir.

Görüşdə qarşılıqlı fəaliyyətin perspektivləri barədə fikir mübadiləsi aparılmış, əməkdaşlığın səmərəliyinin daha da artırılması üçün GTZ-nin Bakıdakı ofisinin genişləndirilməsi, habelə Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi, hakim və hakimliyə namizədlərin tədrisi zamanı qabaqcıl xarici təcrübəyə yiyələnməsi, inzibati məhkəmələrin fəaliyyəti, bələdiyyə sahəsində yeni layihənin başlanması və digər məsələlər müzakirə olunmuşdur.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.

Keçidlər