X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Avropa Komissiyası tərəfindən ölkəmizin ədliyyə sistemində aparılan islahatlara dəstək

Avropa Qonşuluq Siyasəti çərçivəsində həyata keçirilən Azərbaycan üzrə Fəaliyyət Planında və müvafiq Proqram sənədlərində ədliyyə sisteminin səmərəliliyinin artırılmasına və inzibati potensialının gücləndirilməsinə, bu mühüm sahədə islahatların uğurla davam etdirilməsinə xüsusi əhəmiyyət verilir.

Bu məqsədlə büdcəyə dəstək mexanizmi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan Avropa Komissiyasının "Ədliyyə sahəsində islahatlara dəstək Proqramı" qəbul olunmuş, bununla əlaqədar Nazirlər Kabineti tərəfindən müvafiq Tədbirlər Planı təsdiq edilmişdir.

Regional ədliyyə şöbələrinin, Ədliyyə Akademiyasının və Penitensiar xidmətin davamlı inkişafına yönələn Proqramın icrasına başlanması ilə bağlı fikir mübadiləsi aparmaq məqsədilə ədliyyə nazirinin müavini Toğrul Musayev Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia və Avropa Komissiyasının layihəyə məsul olan əməkdaşları ilə görüşmüşdür.

Avropa İttifaqı ilə Azərbaycan arasında sıx əməkdaşlığı qeyd edən nazir müavini respublika Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı"nın yerinə yetirilməsində müzakirə olunan layihənin əhəmiyyətini vurğulamış, son vaxtlar məhkəmə sisteminin təkmiləşdirilməsi məqsədilə yeni məhkəmələrin yaradılması, hakim korpusunun möhkəmləndirilməsi, hakimliyə namizədlərin ən mütərəqqi qaydalarla seçimi və mükəmməl tədrisi, maddi təminatın yaxşılaşdırılması ilə bağlı görülən konkret işlər və qəbul olunan qərarlar barədə ətraflı məlumat vermişdir.   

Qeyd olunan irəliləyişlərdən məmnunluğunu ifadə edən səfir qarşılıqlı əlaqələrin getdikcə dərinləşdiyini bildirmiş, Proqramın icrasına başlanması ilə bağlı məsələlərə toxunmuşdur.

Görüşdə həmçinin, Avropa Komissiyası ilə birgə Proqramın icrası ilə bağlı görülməsi zəruri olan konkret işlərdən danışılmış, bununla əlaqədar ekspertlər səviyyəsində davamlı fəaliyyətin mexanizmləri müzakirə olunmuş, qarşılıqlı maraq doğuran məsələlərə aydınlıq gətirilmişdir.

Keçidlər