X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyinin nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak etmişdir

Noyabr 15-də Portuqaliyanın Madeyra regionunun Funşal şəhərində "Xüsusi statusu olan Avropa regionları: imkanlar və perspektivlər" mövzusunda konfrans  keçirilmişdir. Tədbirdə ölkəmizi Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin rəisi Mehdi Səlimzadənin rəhbərliyi ilə nümayəndə heyəti təmsil etmişdir.

Madeyra regionu hökumətinin prezidenti Juan Jardimin təşəbbüsü və Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Regionlar Palatasının təşkilatçılığı ilə təşkil edilmiş Konfransda Konqresin Prezidenti, Avropa Şurasının ekspertləri, üzv dövlətlərin ayrı-ayrı regionlarının nümayəndələri, həmçinin Avropa universitetlərindən alimlər iştirak etmişlər.

Konfransda Madeyra regionu hökumətinin prezidenti Juan Jardim,  Konqresin Prezidenti Kit Vitmor və digər rəsmi şəxslər açılış nitqi ilə çıxış etmişlər. Tədbirdə Avropa regionlarının vəziyyəti, müqayisəli təhlili, maliyyə müstəqilliyi, büdcənin idarə olunması, demokratik institutların və vətəndaş demokratiyasının inkişafı yolları və digər məsələlər müzakirə olunmuşdur.

Ölkəmizin nümayəndə heyətinin rəhbəri tərəfindən tədbirdə çıxış edilərək, yerli və regional demokratiya sahəsində Azərbaycanda görülən işlər, region olaraq Naxçıvan Muxtar Respublikasının tarixi, siyasi vəziyyəti, statusu və digər məsələlər barədə geniş məlumat verilmişdir.

Səfər çərçivəsində həmçinin, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Prezidenti, Madeyra regionu hökumətinin prezidenti, həmçinin bir sıra ölkələrin nümayəndələri ilə işgüzar görüşlər keçirilmiş, faydalı fikir mübadiləsi aparılaraq əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.

Keçidlər