X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Avropa ədliyyə nazirlərinin 30-cu konfransı keçirilmişdir

Noyabrın 24-26-da Avropa Şurası tərəfindən Türkiyə Hökuməti ilə birgə İstanbulda Avropa ədliyyə nazirlərinin növbəti konfransı keçirilmişdir. 1961-ci ildən mütəmadi keçirilən və 20 ildən sonra yenidən Türkiyədə təşkil olunmuş bu mötəbər forum «Üçüncü minillikdə ədliyyənin müasirləşdirilməsi» mövzusuna həsr olunmuşdur.

Konfransda Azərbaycanı ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil etmişdir. Nümayəndə heyətinin tərkibinə nazirliyin Təşkilat-nəzarət baş idarəsinin rəisi, Məhkəmə-Hüquq Şurasının üzvü Azər Cəfərov, Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov, Penitensiar xidmətin rəis müavini Hüseynağa Əlixanov, nazirin köməkçisi Adil Əbilov, habelə Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov daxil olunmuşlar.

İki plenar sessiyada keçirilmiş tədbirdə şəffaf və səmərəli ədalət mühakiməsinin həyata keçirilməsi, bu zaman informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, habelə penitensiar sistemin islahatı, Avropada həbsxanalarla bağlı vəziyyət və digər aktual məsələlər müzakirə olunmuşdur.

300-ə yaxın nümayəndənin, o cümlədən Avropa ədliyyə nazirlərinin və nüfuzlu beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmi şəxslərinin iştirak etdiyi tədbirdə Avropa Şurası Baş katibinin müavini Mod de Bur-Bukikkio, Türkiyənin ədliyyə naziri Sadullah Ergin giriş sözü ilə çıxış etmişlər.

Konfransın ilk sessiyasında çıxış edən Azərbaycanın ədliyyə naziri ədalət mühakiməsinin səmərəliliyinin əhəmiyyətini vurğulayaraq, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə aparılan uğurlu islahatlardan, o cümlədən məhkəmə infrastrukturunun müasirləşdirilməsi, yeni məhkəmələrin yaradılması, qabaqcıl texnologiyalarının tətbiqi, həmçinin hakimlərin sayının iki dəfə artırılması, hakimliyə namizədlərin ən şəffaf qaydalarla seçimi nəticəsində hakim korpusunun yarıyadək yeniləşməsi və digər işlərdən danışmışdır. Tədbir iştirakçılarının diqqəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, torpaqlarımızın 20%-nin Ermənistan tərəfindən işğalına cəlb edilmişdir.

Növbəti sessiyada da ölkəmizin nümayəndə heyətinin rəhbəri tərəfindən çıxış edilərək, penitensiar sistemdə aparılan köklü islahatlar barədə məlumat verilmiş, məhkumların hüquqlarının etibarlı qorunmasına xüsusi önəm verən dövlətimizin güclü siyasi iradəsi, cəzaların icrasının humanistləşdirilməsi, çoxsaylı əfv və amnistiya aktlarının qəbulu, azadlıqdan məhrum edilmiş şəxslərin hüquq və imtiyazlarının xeyli genişləndirilməsi, onların saxlanma şəraitinin və göstərilən tibb xidmətinin yaxşılaşdırılması, ictimai nəzarətin gücləndirilməsi, müasir penitensiar infrastrukturun yaradılması üzrə məqsədyönlü işlər diqqətə çatdırılmışdır.

Maraqla qarşılanmış çıxışların ingilis və rus dillərində mətnləri tədbir iştirakçıları arasında yayılmışdır. Forumun yekununda müzakirə olunan məsələlərə dair 4 qətnamə qəbul olunmuş, Avropa ədliyyə nazirlərinin növbəti 31-ci konfransının 2012-ci ildə Avstriyada keçirilməsi barədə razılığa gəlinmişdir. Konfrans zamanı Azərbaycan ədliyyə nazirinin İnsan hüquqları üzrə Avropa komissarı Tomas Hammarberqlə görüşü olmuş, insan hüquqlarının qorunması, Avropa Məhkəməsinin fəaliyyəti və digər məsələlər üzrə faydalı fikir mübadiləsi aparılmışdır. Səfər çərçivəsində həmçinin, bir sıra dövlətlərin ədliyyə nazirləri ilə işgüzar görüşlər keçirilərək əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.

Keçidlər