X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə orqanlarında ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbirlər keçirilmişdir

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqının müstəqillik arzusunun həyata keçməsində, milli dövlətçilik ideyasının gerçəkləşməsində misilsiz tarixi xidmətləri, müasir dövlətimizin yaradılması və qorunub saxlanılmasında müstəsna rolu qədirbilən xalqımız tərəfindən daim uca tutulur.

Azərbaycan ədliyyəsinin təşəkkülü və inkişafının təmin edilməsi, Ədliyyə Nazirliyinin dövlət strukturu kimi təsis olunması da bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar ədliyyə orqanlarında geniş tədbirlər keçirilmiş, o cümlədən nazirlikdə Heydər Əliyev muzeyində dahi öndərin mənalı həyatını və misilsiz fəaliyyətini əks etdirən zəngin sənədlər, fotoşəkillər, maraqlı ekspozisiyalar və yeni nəşrlərlə tanış olunmuş, xüsusi stend yaradılmış, ehsan süfrəsi açılmışdır.

Dekabrın 12-də ədliyyə işçiləri Fəxri Xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, abidəsi önünə gül dəstələri düzərək, ulu öndərə sonsuz və dərin ehtiramlarını bildirmişlər.

Davam edən tədbirlər çərçivəsində Ədliyyə Nazirliyində ulu öndərin əziz xatirəsinə həsr olunmuş anma mərasimi keçirilmişdir. Tədbirdən əvvəl ədliyyə işçiləri ümummilli liderin nazirlikdəki büstü önünə əklil qoymuşlar.

Sonra mərasimdə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov ulu öndərin nəsillərə örnək olan şərəfli ömür yolundan, milli dövlətçilik tariximizdə misilsiz xidmətlərindən danışmış, dahi şəxsiyyətin ölkəmizin siyasi və iqtisadi tərəqqisində, ictimai həyatımızın bütün sahələrində müstəsna rolunu qeyd etmiş, milli maraqları daim hər şeydən üstün tutmuş Heydər Əliyevin əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını bildirmişdir.

Tədbirdə Heydər Əliyev siyasi kursunun və onun ölməz ideyalarının layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən dövlətimizin hərtərəfli inkişafı naminə həyata keçirilən uğurlu islahatların doğma Vətənimizin çiçəklənməsinə, insan hüquq və azadlıqlarının daha etibarlı qorunmasına, ölkə vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin olunmasına xidmət etdiyi xüsusi vurğulanmışdır.

Mərasimdə çıxış edən ədliyyə işçiləri ulu öndər Heydər Əliyevin əziz xatirəsinə əbədi ehtiramlarını bildirərək, dahi liderimizin müəyyən etdiyi milli dövlətçilik prinsiplərinə sadiq qalacaqlarını, ölkəmizin daha da qüdrətlənməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini qeyd etmişlər.

Sonda ümummilli liderə həsr olunmuş film nümayiş etdirilmişdir.

 

Keçidlər