X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ulu öndər Heydər Əliyevin humanizm ideyaları layiqincə davam etdirilir

Demokratik dəyərlərin başlıca meyarlarından sayılan insan hüquq və azadlıqlarının təmin olunmasına və müdafiəsinə diqqətlə yanaşan Azərbaycan hakimiyyəti cəmiyyətdə humanizm ənənələrinin təşəkkül tapmasına və möhkəmlənməsinə də hər zaman həssaslıqla yanaşmışdır. Məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra demokratikləşmə ilə yanaşı, cəmiyyətimizin bütövlüyünə xidmət edən humanizm ənənələrinin təməli qoyulmuşdur.

Heydər Əliyev bütün dövrlərdə humanizm məfkurəsindən çıxış edərək, mərhəmət və insanpərvərlik kimi ən ali keyfiyyətləri əldə rəhbər tutmuşdur. Ulu öndərin humanizm ideyalarına böyük önəm verməsi və real həyatda bunu təcəssüm etdirən addımlar atması vətəndaş həmrəyliyinə xidmət etməklə yanaşı, insanların hakimiyyətə olan etimadını daha da artırmışdır. Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistliyin nəticəsində əfv və amnistiya təsisatları yaradılmış, 1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv fərmanı qəbul edilmişdir. Bu amnistiya aktları 77 mindən çox insana şamil edilmiş, bunlardan 21325 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur. Ulu öndər tərəfindən imzalanan əfv fərmanları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilmişdir. Heydər Əliyev böyük humanistlik nümayiş etdirərək imzaladığı əfv fərmanları ilə 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərində iştirak edən insanların da bir qismini bağışlamışdır.

Məhz Heydər Əliyevin humanizminin nəticəsi olaraq ölkəmizdə ölüm hökmü də aradan qaldırılmış və Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşmüşdür. Əvvəlcə ölüm hökmü üzərində moratorium qoyulmuş, 1998-ci ildə isə bu cəza tamamilə ləğv edilmişdir. Xatırladaq ki, cəmi bir il hakimiyyətdə olmalarına baxmayaraq, AXC-Müsavat iqtidarı bir neçə nəfərə ölüm cəzası vermişdi.

Son 7 ildə ümummilli liderin Azərbaycan dövlətçiliyinin qüdrətlənməsinə, ölkənin sosial-iqtisadi inkişafına xidmət edən konsepsiyalarının uğurla həyata keçirilməsinin nəticəsi olaraq respublikamız bütün sahələrdə böyük tərəqqiyə nail olmuş, dünya birliyində öz yerini möhkəmləndirmişdir. Eyni zamanda, ulu öndərin humanizm siyasəti ənənələrinə sadiqlik Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edib. Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu hum anizm siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev əfvetmə institutunun çevik və işlək mexanizm əsasında fəaliyyətini təmin edib, hər zaman mərhəmət, insanpərvərlik və humanizm məfkurəsindən çıxış edərək cinayət törətmiş şəxslərin bağışlanması ənənəsini yaşadıb, inkişaf etdirib. Törətdiyi cinayət əməlindən peşmançılıq keçirən, azad cəmiyyətə və normal həyata qovuşmaq istəyən məhkumların əfvlə bağlı müraciətlərini nəzərə alan dövlət başçısı bayram və əlamətdar günlərdə imazaladığı 15 əfv sərəncamı ilə onların bir qismini cəzalarının çəkilməmiş hissəsindən tam və ya qismən azad edib. Əfv edilənlər sırasında dövləti cinayətlərə, dövlətin və xalqın maraqlarına zidd əməllərə görə həbs olunanlar da var idi.

Ulu öndər Heydər Əliyevin mərhəmət, insanpərvərlik məfkurəsindən çıxış etmək, humanizm ideyalarını həyata keçirmək Heydər Əliye v Fondunun da başlıca məramlarından biridir.

2007-ci ildə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə parlamentin qəbul etdiyi "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında" qərar da ulu öndərin əsasını qoyduğu humanizm ənənələrinin davamının əyani təcəssümü idi. Ulu öndərin anadan olmasının 84 illiyi münasibətilə qəbul edilən amnistiya qərarı ilə 9 mindən artıq məhkum bağışlanıldı.

Prezident İlham Əliyevin məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin əfv haqqında müraciətlərinə baxaraq məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, o cümlədən humanizm prinsiplərinə əsaslanaraq 2010-cu il dekabrın 29-da imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı cəmiyyətdə böyük sevinclə qarşılanır. Dövlət başçısının ötən 7 ildə imzaladığı sayca 16-cı olan bu əfv sərəncamı 92 nəfər məhkuma şamil edilib. Həmin şəxslərdən Penitensiar xidmətin tabeliyindəki müəssisələrdə cəza çəkən 86 nəfərə əfv Sərəncamı tətbiq edilmişdir. Onların 71 nəfəri cəzaçəkmə müəssisələrində, 15 nəfəri isə xüsusi müəssisələrdə cəza çəkən şəxslərdir. 2010-cu il dekabrın 30-da sayca 48-ci əfv Sərəncamının icrası Ədliyyə Nazirliyinin məsul işçilərinin, Penitensiar xidmətin rəhbərliyinin, ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai komitənin üzvlərinin, insan hüquqları üzrə müvəkkilin – ombudsmanın, qeyri-hökumət və dövlət təşkilatlarının, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə həyata keçirilmişdir.

Ədliyyə Nazirliyinin və Penitensiar xidmətin məsul əməkdaşlarından ibarət qruplar əfv Sərəncamının əhatə dairəsində olan məhkumların saxlanıldığı cəzaçəkmə müəssisələrində olmuş, Prezident Sərəncamının vaxtında və dürüst icrasını təmin etmişlər.

Cəzadan azad edilmiş şəxslərə azad olunma haqqında arayışlar təqdim edilmiş, yardımlar göstərilmiş, əvvəlki daimi yaşayış yerləri üzrə aidiyyəti təşkilatlara müvafiq məlumatlar verilmişdir. Eyni zamanda, əfv olunmuş 8 xarici ölkə vətəndaşı Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinə təhvil verilmişdir.

Cəza çəkməkdən azad edilmiş şəxslər, habelə onları qarşılamağa gəlmiş yaxın qohumları dövlətimizin başçısının bu humanist addımını yüksək qiymətləndirərək şəxsən Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.

Azərbaycan Prezidentinin son əfv sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirir. Bu sərəncamla əfv olunanlar isə dövlətin onlara etimadını doğrultmalı, azadlığın qədrini qiymətləndirməli, layiqli vətəndaş kimi cəmiyyət həyatına öz töhfələrini verməlidirlər.

Keçidlər