X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Məhkəmə islahatları uğurla davam etdirilir

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmişdir. İclasda ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə ötən il görülmüş işlər və köklü dəyişikliklərə səbəb olan mütərəqqi tədbirlər qeyd olunmuş, qarşıda duran vəzifələr müzakirə edilmişdir.

Çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ölkəmizdə təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş hərtərəfli islahatların dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini, son illər ölkəmizin dünyada analoqu olmayan inkişaf sürətinə nail olduğunu, iqtisadi potensialının dəfələrlə yüksəldiyini bildirmiş, bütün dünyanı iqtisadi böhran bürüdüyü halda, iqtisadiyyatımızın intensiv inkişaf etdiyini, o cümlədən 2010-cu ildə 5 faiz artdığını, böyük sosial layihələrin müvəffəqiyyətlə həyata keçirildiyini qeyd etmiş, məhkəmə sisteminin müasirləşdirilməsi üzrə islahatları vurğulamışdır.

Bildirilmişdir ki, ölkəmizdə iqtisadi inkişafın geniş vüsət alması, yeni iqtisadi münasibətlərin formalaşması və mülki dövriyyənin sürətlə artması məhkəməyə müraciətlərin sayının da dəfələrlə çoxalmasına səbəb olmuş, 1999-cu illə müqayisədə mülki mübahisələrin sayı 6 dəfə artmışdır. Təkcə 2010-cu ildə mülki işlər üzrə məhkəmələrə müraciətlərlərin sayı 15%, iqtisadi mübahisələr üzrə isə 30 %-dək çoxalmışdır.

Bununla əlaqədar və dövlət başçısının məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tapşırıqlarının icrası ilə bağlı son illər ardıcıl tədbirlər həyata keçirilmiş, o cümlədən yeni regional apellyasiya və digər məhkəmələr yaradılmış, hakim korpusunun ən şəffaf və obyektiv prosedurlarla formalaşdırılması üçün yeni qaydalar tətbiq olunmuş, iş yükünün azaldılması məqsədilə hakim ştatlarının sayı 2 dəfə artırılmış, habelə hakimlərin fəaliyyəti prinsipial qiymətləndirilməklə kobud qanun pozuntuları və digər neqativ hallara yol verən 60-dək hakim məhkəmə sistemindən kənarlaşdırılmışdır.

Məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyə 22.06.2010-cu il tarixdə edilmiş dəyişikliklər və məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər barədə dövlət başçısının 15 iyul və 9 avqust tarixli fərmanları ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm mərhələ olmuşdur.

Yeni qanunvericiliyə uyğun olaraq əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə ölkənin əlavə dörd bölgəsində regional ağır cinayətlər məhkəmələrinin təsis edilməsi, dövlət orqanları tərəfindən insan hüquqlarına ciddi əməl olunmasının təmin edilməsi məqsədilə ölkəmizin tarixində ilk dəfə olaraq yeddi bölgədə inzibati-iqtisadi məhkəmələrin yaradılması, hərbi məhkəmə sisteminin təkmilləşdirilməsi, habelə hakim ştatlarının sayının ötən il 25 faiz artırılması xüsusi əhəmiyyət kəsb etmişdir.

Regional ağır cinayət, inzibati-iqtisadi və hərbi məhkəmələrin tezliklə fəaliyyətə başlaması üçün qısa müddət ərzində mühüm təşkilati tədbirlər həyata keçirilmiş, o cümlədən əhatəli təhlillər aparılaraq hakimlərin ştat sayı və məhkəmə aparatlarının strukturu müəyyən olunmuş, yeni inzibati binalar ayrılaraq, əsaslı təmir-tikinti işləri aparılmaqla məhkəmə fəaliyyətinə uyğunlaşdırılmışdır. Ölkə Prezidentinin sərəncamları ilə həmin məhkəmələr yüksək hazırlıqlı hakimlər hesabına komplektləşdirilmiş və cari ilin yanvar ayından 12 yeni regional məhkəmə fəaliyyətə başlamışdır.

Həmçinin, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi nəticələri üzrə ötən il 8 hakim Ali Məhkəməyə, 34 hakim isə apellyasiya məhkəmələrinə irəli çəkilmiş, 18 hakimin səlahiyyətlərinə xitam verilmiş, o cümlədən 7-sinin işində olan nöqsan və çatışmazlıqlara görə.

İclasda qeyd edilmişdir ki, hakimliyə namizədlərin ən mütərəqqi və şəffaf üsullarla seçilmi prosesi 2010-cu ildə davam etmiş, çoxsaylı imtahan və müsahibələrdən ibarət olan seçim prosedurları çərçivəsində namizədlərin hakim vəzifəsinə hazırlanmaları üçün təşkil edilən təlimlər bir ilədək uzadılmış və tematik baxımdan xeyli zənginləşdirilmişdir. Təlimlər zamanı insan haqlarının qorunması, Avropa məhkəməsinin presedentləri, inzibati ədliyyə, korrupsiyaya qarşı mübarizə, məhkəmə etikası və digər aktual mövzuların tədrisinə xüsusi əhəmiyyət verilmiş, bu işə nüfuzlu beynəlxalq ekspertlər intensiv cəlb olunmuş, bütün namizədlərin Türkiyədə yarımaylıq təlimi təşkil edilmişdir.

Seçim mərhələlərini uğürla başa vurmuş 78 nəfər hakimliyə namizəd ötən il dövlət başçısının sərəncamları ilə hakim vəzifələrinə təyin edilmişlər.

Görülmüş tədbirlər nəticəsində hakim korpusunda mövcud olan vakansiyaların tam əksəriyyəti komplektləşdirilmiş, işlərə daha keyfiyyətlə baxılması və süründürməçilik hallarının qarşısının alınması məqsədilə hakimlərin iş yükü xeyli azalmışdır. Yeni qaydalarla seçilib təyin edilmiş hakimlərin sayı 235 nəfərə çatmış, başqa sözlə onlar bütün mövcud hakim korpusunun yarısını, Bakı şəhəri və inzibati-iqtisadi məhkəmələr üzrə isə 80 faizini təşkil etmişlər.

Bununla belə hakim kadrlarına ehtiyac nəzərə alınaraq ötən ilin dekabr ayında hakimliyə namizədlərin növbəti seçim prosesinə başlanılmışdır.

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə həyata keçirilən tədbirlər çərçivəsində hakimlər tərəfindən yol verilən kobud nöqsan və qanun pozuntularının aradan qaldırılması diqqət mərkəzində saxlanılmış, ötən il 21 hakim intizam məsuliyyətinə cəlb edilmiş, o cümlədən, 3 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş, 3 nəfərin iş yeri dəyişdirilmiş, habelə töhmət və digər intizam tənbehləri verilmişdir.

Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında hakimlərin tədrisinin əhəmiyyəti nəzərə alınaraq, bu sahədə nüfuzlu beynəlxalq təşkilatlarla və Ədliyyə Akademiyası ilə əməkdaşlıq şəraitində 20-dək ixtisasartırma kursu, habelə digər tədris tədbirləri təşkil edilmiş, 260-a qədər hakim davamlı tədris kurslarında iştirak etmişlər.

Azərbaycanda məhkəmə sisteminin inkişafı nüfuzlu beynəlxalq təşkilatların diqqət mərkəzində olmuşdur. Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) Avropa hüquq sistemləri üzrə hesabatında ölkəmizdə məhkəmə islahatlarına göstərilən diqqətin, o cümlədən maliyyə ayırmalarının səviyyəsini, hakimlərin sayındakı artım tempini Avropa dövlətləri sırasında yüksək göstəricilərlə xarakterizə etmişdir. Komissiya həmçinin, məhkəmələrdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində ölkəmizin səylərini yüksək dəyərləndirmiş, aparılan hakim seçimi prosesinə maraq göstərərək bu sahədə təcrübənin öyrənilməsini nəzərdə tutmuşdur.

İclasda ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə qarşıda duran vəzifələr qeyd olunmuş, fəaliyyətin səmərəliliyinin artırılması üzrə əlavə tədbirlər müzakirə edilmişdir.

Həmçinin, Şurada qanunvericiliyin tələblərinin dəfələrlə kobudcasına pozulmasına və digər neqativ hallara yol verdiyinə görə İmişli rayon məhkəməsinin hakimi Qubadəli Rzayevin hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul edilmiş, insan haqlarının pozulması, süründürməçilik və digər qanun pozuntularına yol vermələri ilə bağlı 7 hakim barədə intizam icraatları başlanılmışdır.

Keçidlər