X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Rusiyalı hüquqşünaslar Ədliyyə Nazirliyində olmuşlar

Azərbaycan və Rusiya arasında səmərəli hüquqi əməkdaşlıq həyata keçirilərək, hüquqi yardım və məhkumların verilməsi haqqında dövlətlərarası müqavilələr, həmçinin Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Saziş bağlanmış, bir sıra mühüm beynəlxalq konvensiyalara qoşulmuşdur. Bu istiqamətlərdə birgə əməkdaşlıqdan irəli gələn məsələlər üzrə məsləhətləşmələr aparmaq məqsədilə bu ilin mart ayında Azərbaycanda səfərdə olmuş Rusiya Federasiyası Ədliyyə Nazirliyinin nümayəndə heyəti ölkəmizin ədliyyə nazirinin müavini Toğrul Musayevlə görüşmüşlər.

Dövlətlərimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafını vurğulayan nazir müavini hüquqi sahədə müqavilə-hüquq bazasının genişləndirildiyini məmnunluqla qeyd etmiş, iki ölkənin ədliyyə orqanları arasında əlaqələrin daha da dərinləşdirilməsi üçün geniş perspektivlərin olduğunu bildirmişdir.

Görüşdə ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatları, yeni məhkəmələrin yaradılması, hakimliyə namizədlərin seçimi və tədrisi, habelə ədliyyə, o cümlədən penitensiar infrastrukturun müasirləşdirilməsi üzrə görülən məqsədyönlü işlər barədə məlumat verilmiş, qarşılıqlı səfərlər çərçivəsində təcrübə mübadiləsinin daha da genişləndirilməsinin vacibliyi diqqətə çatdırılmışdır.

Azərbaycana səfərindən məmnun qaldığını bildirən Rusiya Ədliyyə Nazirliyi nümayəndə heyətinin rəhbəri Yuriy Kiriçenko dövlətimizin hərtərəfli, o cümlədən hüquqi sahədə nailiyyətlərinə böyük maraq göstərək, səfər zamanı baş çəkdikləri müasir Bakı istintaq təcridxanasında yaradılmış şəraiti təqdir etmiş, ölkəsində bu sahədə köklü islahatların aparılması nəzərdə tutulduğundan respublikamızla hüquqi əlaqələrin daha da inkişaf etdirilməsinə hazır olduğunu vurğulamışdır. Səmimi söhbət şəraitində keçən görüşdə gələcək əməkdaşlığın prioritetləri, habelə korrupsiya ilə mübarizə, sahibkarlıq sahəsində yoxlamaların təkmilləşdirilməsi ilə bağlı və digər məsələlər ətrafında faydalı fikir və təcrübə mübadiləsi aparılmışdır.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.

Keçidlər