X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Avropa Şurası ilə hüquqi əməkdaşlıq yüksək səviyyədədir

Aprelin 4-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Avropa Şurasının (AŞ) Bakı ofisinin yeni rəhbəri səfir Konstantin Yerokostopulosla görüşmüşdür.

Ölkəmizin Avropa Şurası ilə səmərəli əməkdaşlığını qeyd edən nazir, K.Yerokostopulosu yeni vəzifədə uğurlar arzulayaraq qarşılıqlı fəaliyyətin daha da genişlənəcəyinə əminliyini bildirmişdir. Nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu məhkəmə-hüquq islahatlarını, o cümlədən hakimliyə namizədlərin Avropada ən mütərəqqi və şəffaf qaydalarla seçiminin artıq digər ölkələr üçün model kimi göstərildiyini vurğulamış, habelə penitensiar infrastrukturun müasirləşdirilməsindən danışmış, həyata keçirilən islahatlarda AŞ-nın yaxından iştirakını yüksək qiymətləndirmişdir.

Avropa Şurasına üzvlüyünün 10 illiyi tamam olan Azərbaycanın regionda ən önəmli tərəfdaş olduğunu bildirən qonaq AŞ-nın ölkəmizlə əlaqələrin daha da dərinləşdirməsində marağını vurğulamışdır. Ədliyyə Nazirliyi ilə səmərəli və işgüzar münasibətləri təqdir edən səfir qarşılıqlı fəaliyyətin inkişafı üçün səylərini əsirgəməyəcəyini söyləmişdir.

Görüşdə həmçinin, inzibati məhkəmələrin təsis edilməsi insan hüquqlarının müdafiəsi baxımından dəyərləndirilmiş, hakimlərin tədrisi və Avropa Məhkəməsi presedentlərinin öyrənilməsi və s. aktual məsələlərə dair faydalı fikir mübadiləsi aparılmışdır.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

Keçidlər