X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyi mətbuat xidmətinin məlumatı

Ədliyyə Nazirliyinə aşkarlıq şəraitində yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik gənclərin qulluğa qəbulu davam etdirilir.

Bildiririk ki, ümumilikdə son illərdə ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilən açıq müsabiqə və müsahibələrdə 3000-dən çox şəxs iştirak etmiş, sənədləri yoxlanılmış və sınaqlardan uğurla çıxmış 1000 nəfərə yaxın gənc barəsində təyinatlar aparılmışdır.

Nazirlik tərəfindən keçirilən builki müsabiqədə 256 nəfər hüquqşünas iştirak edir. Müsabiqənin test imtahanı mərhələsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birlikdə mayın 21-də şəffaflığın artırılması məqsədilə bütün namizədlər üçün vahid auditoriyada - Azərbaycan Texniki Universitetinin idman sarayında keçirilmiş və imtahanı 30-dan çox yerli və beynəlxalq müşahidəçi, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri izləmişdir.

Qeyd edirik ki, vakant ştat vahidləri əsasən nazirliyin icra xidmətində, regional ədliyyə və qeydiyyat şöbələrində, eləcə də digər ədliyyə sahələrindədir.

Qaydalara əsasən test imtahanında namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünyagörüşünü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarət olmuşdur. Test imtahanında 124 namizəd müvəffəqiyyət qazanaraq müsabiqənin ikinci mərhələsinə - söhbətə buraxılmışdır.

Namizədlər müxtəlif regionlardan olmaqla, əsasən gənclərdir. Uğur qazanmışlar arasında ilk dəfə əmək fəaliyyətinə məhz ədliyyə orqanlarında başlamaq arzusunda olanlar, ədliyyə sahələrində yardımçı vəzifələrdə və digər təşkilatlarda çalışan hüquqşünaslar vardır. Test imtahanını müşahidə edənlər tərəfindən tədbirin aşkarlıq şəraitində şəffaf keçirilməsi xüsusi vurğulanmışdır.

Müsabiqə Komissiyası tərəfindən ikinci mərhələnin - söhbətin vaxtı və yeri barədə namizədlərə əvvəlcədən məlumat veriləcəkdir.

Xatırladırıq ki, müsabiqədən uğurla keçmiş namizədlər peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin sonunda keçiriləcək imtahan nəticəsində müvəffəqiyyət qazanan namizədlərin qulluğa qəbul məsələsi həll olunacaqdır.

Keçidlər