X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığı davam etdirir

Respublikamız nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən 100-dən çox dövləti birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) ilə səmərəli əməkdaşlıq edərək, 1998-ci ildən Təşkilatın rəhbər orqanı – İcraiyyə Komitəsində fəal təmsil olunur. Ölkəmiz BPA-nın rus dilində internet saytının aparılmasını, dünya prokurorları üçün praktiki əhəmiyyətə malik rəhbər tövsiyələrinin rus və Azərbaycan dillərinə tərcümə olunaraq yayılmasını təmin edir. Qurumun ötən İllik Konfransında uzun illər İcraiyyə Komitəsinin üzvü olmuş ölkəmizin ədliyyə naziri Fikrət Məmmədov Assosiasiyanın Senatına seçilmişdir.

Azərbaycanla əməkdaşlığa böyük önəm verən BPA-nın prezidenti, İrlandiya prokurorluq xidmətinin rəhbəri Ceyms Hamilton ölkəmizə səfəri zamanı nümayəndə heyəti ilə mayın 23-də ədliyyə naziri, Assosiasiyanın senatoru Fikrət Məmmədovla görüşmüşdür.

Ölkəmizin Assosiasiyanın yarandığı vaxtdan fəal əməkdaşlıq etdiyini vurğulayan nazir təşkilatın İcraiyyə Komitəsinin Bakıda keçirilmiş uğurlu iclasını xatırlatmış, ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində və cinayətkarlıqla mübarizə üzrə dünya prokurorlarının səylərinin birləşdirilməsində Assosiasiyanın rolunu vurğulayaraq, ikitərəfli əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə əminliyini söyləmişdir. Nazir ölkə Prezidenti cənab İlham Əliyevin güclü siyasi iradəsi ilə ölkəmizin hərtərəfli tərəqqisinə xidmət edən demokratik islahatlar, o cümlədən ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi barədə məlumat vermişdir.

Söhbət zamanı qonaqların diqqəti Ermənistan tərəfindən torpaqlarımızın 20%-nin işğalı, bir milyon soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb edilmişdir.

C.Hamilton Azərbaycana 10 ildən sonra yenidən səfər etdiyindən məmnunluğunu bildirərək, ölkəmizdə sürətli mütərəqqi dəyişikliklərin və regionların hərtərəfli dinamik inkişafının şahidi olduğunu söyləmişdir.

Qonaq Ermənistanın hərbi təcavüzünə baxmayaraq, Azərbaycanın bu cür yüksək nailiyyətlər əldə etməsini, habelə BPA ilə səmərəli əməkdaşlığını vurğulamış, dövlətimizin Assosiasiyanın İcraiyyə Komitəsində uzun illər onun inkişafına verdiyi dəyərli töhfələri xüsusi qiymətləndirərək, Komitədə ölkəmizin yenidən təmsil olunmasının təşkilat üçün faydalı olduğunu qeyd etmişdir.

Tədbirdə ölkəmizin yeni bir töhfəsi – hakimlər, prokurorlar və digər hüquqşünaslar üçün əvəzolunmaz vəsait olan Assosiasiyanın İnsan hüquqları üzrə yeni tövsiyələrinin və BPA haqqında məlumat kitabçasının rus dilinə tərcümə olunmuş versiyaları təqdim olunmuşdur. Həmin vəsaitlərin tərcüməsini təqdir edən qonaqlar, onların bu ilin iyununda Koreyada keçiriləcək İllik Konfransda yayılmasının əhəmiyyətini vurğulamışlar.

Görüşdə əməkdaşlığın perspektivləri, hakimlərin, prokurorların peşəkarlığının artırılması, BPA Standartlarının və tövsiyələrinin tətbiqi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.

Keçidlər