X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Almaniya ilə hüquqi əməkdaşlıq çərçivəsində notariuslar üçün seminarlar keçirilmişdir

Qabaqcıl Avropa dövlətləri ilə hüquqi əlaqələrin inkişafına böyük önəm verilərək, 2009-cu ildə Almaniya federal ədliyyə nazirinin dəvəti ilə ədliyyə naziri Fikrət Məmmədov bu ölkədə səfərdə olmuş, Ədliyyə nazirlikləri arasında hüquqi əməkdaşlığa dair Birgə Bəyanat imzalanmışdır. Bəyanatın implementasiyası ilə bağlı Federal Ədliyyə Nazirliyi yanında Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun direktorunun ölkəmizə səfəri zamanı konkret tədbirlərə, o cümlədən notariusların Almaniyada təcrübə keçməsinə dair müzakirələr aparılmışdır.

2010-cu ildə Fondun dəstəyi ilə Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin rəhbərliyi Berlində beynəlxalq konfransda iştirak etmiş, bundan əlavə, baş idarənin əməkdaşlarından, dövlət notariuslarından və notarius vəzifəsinə namizədlərdən ibarət nümayəndə heyəti Almaniyaya səfər edərək, bu ölkənin notariat institutunun fəaliyyəti ilə yaxından tanış olmuşdur.

Birgə Bəyanat çərçivəsində bu il may ayının 18-22-də Fondun dəstəyi ilə Almaniya Federal Notariat Palatasının vitse-prezidenti Rixard Bokun rəhbərliyi ilə nümayəndə heyəti Bakıda səfərdə olmuş, Ədliyyə Nazirliyində respublika notariuslarının iştirakı ilə seminarlar keçirilmişdir. Seminarlarda alman mütəxəssislər “Notariat peşəsi hüququnun əsasları”, “Notariat sənədləri”, “Hüquqi şəxslər hüququnda alman notariusunun təsdiqetmə səlahiyyəti”, “Daşınmaz əmlak hüququ sahəsində alman notariusunun səlahiyyətləri”, “Almaniyada notariat peşəsi ilə bağlı xərclər” və “Notariat hərəkətlərinin aparılması təcrübəsi” mövzuları üzrə çıxış etmişlər. Qonaqlar həmçinin Dövlət notariat arxivinin işi və istifadədə olan informasiya sistemləri ilə tanış olmuşlar.

Səfər zamanı ədliyyə nazirinin müavini Toğrul Musayev Almaniyanın nümayəndə heyəti ilə görüşmüşdür.

Görüşdə dövlətlərimiz arasında hərtərəfli, xüsusilə hüquqi sahədə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunmuş, bu əlaqələrin daha da dərinləşdirilməsi üçün geniş imkanların olduğu vurğulanmış, ədliyyənin müxtəlif istiqamətləri üzrə səmərəli fikir mübadiləsi aparılmışdır. Tədbirdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə, o cümlədən notariat sahəsində aparılan islahatlar barədə məlumat verilmiş, qanunvericiliyin təkmilləşdirilməsi, notariat sənədlərinin elektron məlumat bankı informasiya sisteminin yaradılması, şəffaf müsabiqə əsasında yeni notariuslar korpusunun formalaşdırılması üzrə görülmüş konkret işlər qeyd olunmuşdur.

Qonaqlar ölkəmizin bu sahədə əldə etdiyi yüksək nailiyyətlərə böyük maraq göstərmiş, səfərin məhsuldar və səmərəli olduğunu qeyd edərək, Azərbaycanda notariat institutunun müasir tələblər səviyyəsində qurulmasını, ən qabaqcıl texnologiyaların tətbiqini yüksək qiymətləndirmiş, qarşılıqlı münasibətlərin bundan sonra da uğurla inkişaf etdirilməsinə hazır olduqlarını bildirmişlər.

 

 

Keçidlər