X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə orqanları tərəfindən əhaliyə göstərilən elektron xidmətlərin dairəsi genişlənir

“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli Fərmanından irəli gələn tapşırıqların icrası məsələləri Ədliyyə Nazirliyinin kollegiya iclasında müzakirə edilmiş, müasir elektron sistemlərin tətbiqinin genişləndirilməsi, internet saytda elektron xidmətlərlə bağlı xüsusi bölmənin yaradılması, xarici ölkələrin təcrübəsinin öyrənilməsinə dair həyata keçirilmiş işlər qeyd olunmuş, əlavə tapşırıqlar verilmişdir.

Bununla bağlı ədliyyə orqanları tərəfindən əhaliyə elektron xidmətlərin göstərilməsinin təşkil edilməsi məqsədilə universal elektron xidmət köşkləri hazırlanaraq 1 iyul tarixindən etibarən sınaq rejimində bir sıra yerli qurumlarda istifadəyə verilmişdir.

Həmin köşklər vasitəsilə vətəndaşlar inzibati işçilərlə təmasda olmadan notariat, vətəndaşlıq vəziyyəti aktları və qeyri-kommersiya hüquqi şəxslərin qeydiyyatı ilə əlaqədar, o cümlədən qanunvericiliklə müəyyənləşdirilmiş qaydalar, tələb olunan sənədlər, həmin sənədləri verən orqanlar, iştirak edən şəxslər, ödənişlər və onlardan azadolmalar barədə məlumatları öyrənə, eyni zamanda zərurət olduqda bu məlumatları əks etdirən çıxarışları əldə edə bilərlər.

Köşklərdə quraşdırılmış elektron ödəmə sistemi həmçinin banka bilavasitə müraciət etmədən bütün növ ödənişlərin istər kart, istərsə də nağd şəkildə həyata keçirilməsini və müvafiq qəbzin avtomatlaşdırılmış qaydada alınmasını mümkün edir. Yüksək surətlə internet şəbəkəsinə qoşulması nəticəsində vətəndaşlar üçün köşklər vasitəsilə nazirliyin qaynar xəttinə və elektron poçtuna birbaşa müraciət etmək imkanı da yaradılmışdır.

Bu təcrübənin tətbiqi şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması ilə yanaşı vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə də xidmət edəcəkdir.

Hazırda bu sahədə işlər davam etdirilir.

Keçidlər