X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilir

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası tərəfindən hazırda ədliyyə orqanlarına qulluğa qəbulla bağlı bu ilin may ayının 21-də keçirilmiş test imtahanında müvəffəqiyyət qazanmış 124 namizədlə fərdi qaydada söhbət aparılır.

Bununla belə ədliyyə orqanlarında olan vakant ştat vahidlərinin komplektləşdirilməsi üçün peşəkar kadrlara olan ehtiyacı nəzərə alaraq, eyni zamanda ali təhsil müəssisələrini bu il bitirmiş gənc məzunların müsabiqədə iştirakına şərait yaratmaq məqsədilə növbəti (altıncı) açıq müsabiqə elan edilir.

Nazirliyin icra xidmətində, regional ədliyyə və qeydiyyat şöbələrində, həmçinin digər ədliyyə sahələrində olan vakant vəzifələrdə çalışmaq üçün "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən, o cümlədən fəaliyyət qabiliyyətli, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmamış, fiziki və əqli cəhətdən bu orqanlarda işləməyə qadir olan ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları müsabiqəyə dəvət olunur.

Bildiririk ki, müsabiqədə iştirak prosedurunu sadələşdirmək məqsədilə hazırkı müsabiqənin birinci mərhələsində - test imtahanında iştirak etmək üçün yalnız müvafiq formada ərizə ilə müraciət etmək kifayətdir. Ərizənin formasını Ədliyyə Nazirliyindən və nazirliyin internet səhifəsindən götürmək olar. Test imtahanından uğur qazanmış namizədlərin digər sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə – söhbətə buraxılacaqlar.

Müvafiq ərizəni 2011-ci ilin avqust ayının 22-dən etibarən Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti 1) bütün iş günləri təqdim etmək olar. Test imtahanının vaxtı və yeri barədə əlavə məlumat veriləcəkdir.

Nazirliyin internet səhifəsindən, eləcə də 430-01-18, 430-11-05 nömrəli telefonlar vasitəsilə digər məlumatlar almaq olar.

Keçidlər