X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ölkəmizin beynəlxalq antikorrupsiya sahəsində əməkdaşlığı genişlənir

Fevralın 14-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Beynəlxalq Antikorrupsiya Akademiyasının rəhbəri Martin Kreutner, müşavirləri Avstriyanın sabiq ədliyyə naziri Klaudiya Bandion-Ortner və ABŞ-ın sabiq prokuroru Süzann Hayden ilə görüşmüşdür.

Ədliyyə naziri Azərbaycanda ölkə Prezidenti cənab İlham Əliyevin güclü siyasi iradəsi ilə korrupsiya ilə qəti mübarizə aparıldığını, o cümlədən cəmiyyətdə dözümsüzlük mühitinin formalaşdırılması, hüquq-mühafizə orqanlarında qaynar xətlərin yaradılması və digər tədbirlər barədə məlumat vermişdir. F.Məmmədov həmçinin, korrupsiya ilə mübarizədə mühüm rolu olan hakimlərin Avropada ən şəffaf və tam obyektiv seçimindən danışaraq Azərbaycanın bu sahədə praktikasının Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi qiymətləndirildiyini və bu müsbət təcrübənin digər dövlətlərə tövsiyə edildiyini bildirmişdir.

Ölkəmizin korrupsiya ilə mübarizə sahəsində həmçinin, digər nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən 140-dan çox dövləti birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası ilə səmərəli əməkdaşlıq etdiyini bildirən nazir M.Kreutnerlə Assosiasiyanın İcraiyyə Komitəsinin üzvləri kimi qarşılıqlı münasibətlərin faydasını qeyd etmiş, dünyada getdikcə nüfuzu artan qonağın rəhbəri olduğu Akademiyanın antikorrupsiya mədəniyyətinin gücləndirilməsi və qabaqcıl təcrübənin yayılmasında müstəsna rolunu vurğulamışdır.

Respublikamıza ilk səfərindən məmnunluğunu ifadə edən qonaq Azərbaycanda korrupsiya ilə mübarizə tədbirlərini təqdir etmiş, beynəlxalq antikorrupsiya fəaliyyətində ölkəmizin fəal əməkdaşlığını qeyd edərək, nüfuzlu təşkilatlar daxilində qarşılıqlı münasibətlərin yüksək səviyyədə olduğunu söyləmişdir. M.Kreutner ötən il müxtəlif beynəlxalq konfranslar çərçivəsində keçirilmiş ikitərəfli görüşləri və əməkdaşlığa dair ilkin razılaşmaları qeyd etmiş, Azərbaycanın Beynəlxalq Antikorrupsiya Akademiyasının nizamnaməsinə qoşulmasının əhəmiyyətini vurğulamışdır. Qonaq həmçinin, hakimlərin seçimi ilə bağlı ölkəmizin nailiyyətlərini yüksək qiymətləndirmiş, təmsil etdiyi qurumla birgə tədbirlərin təşkil edilməsinin əməkdaşlığımızın inkişafına təkan verəcəyinə əminliyini bildirmişdir.

Görüşdə qarşılıqlı fəaliyyətin perspektivlərinə dair səmərəli fikir mübadiləsi aparılmış, Akademiya ilə birgə treninqlərin təşkilinə dair razılıq əldə edilmişdir.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.

Keçidlər