X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Penitensiar sistemə nəzarət üzrə İctimai Komitənin hesabat görüşü keçirilmişdir

Respublikamızda həyata keçirilən genişmiqyaslı ədliyyə islahatları çərçivəsində penitensiar sistemin təkmilləşdirilməsi, məhkumların hüquqlarının qorunması, müasir infrastrukturun yaradılması üzrə davamlı tədbirlər görülür, bu sahədə səmərəli ictimai nəzarət mexanizmi tətbiq olunur.

2006-cı ildən məhkumların islah olunmasında və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsində ictimaiyyətin iştirakının təmin edilməsi Qaydalarına uyğun olaraq ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrinə bütövlükdə 280 başçəkmə etmiş, məhkumların hüquqlarının daha etibarlı qorunmasına, saxlanma şəraitinin yaxşılaşdırılmasına, onların islah edilməsinə, ictimai faydalı əməyə cəlb olunmasına, asudə vaxtlarının səmərəli təşkilinə, hüquqi yardımın göstərilməsinə və digər məsələlərə diqqət yetirmişdir. Qeyd olunmalıdır ki, başçəkmələrin nəticələri üzrə Ədliyyə Nazirliyinə hesabatlar təqdim edilmiş, tövsiyələrlə bağlı zəruri tədbirlər görülmüş, ictimaiyyətə açıqlamalar verilmişdir.

Mətbuatda xəbər verildiyi kimi, komitənin cari tərkibinin səlahiyyət müddəti başa çatmışdır. Bununla əlaqədar tərkibi millət vəkillərindən, nüfuzlu ictimaiyyət nümayəndələrindən, alimlərdən, din xadimlərindən və aidiyyəti qurumların təmsilçilərindən ibarət olan Seçki Komissiyası tərəfindən müvafiq Qaydalara uyğun olaraq İctimai Komitənin fəaliyyəti qiymətləndirilərək yeni tərkibinin formalaşdırılması nəzərdə tutulur.

Fevralın 16-da ölkə ictimaiyyəti və media nümayəndələrinin, habelə beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə İctimai Komitə üzvlərinin Seçki Komissiyası ilə hesabat görüşü keçirilmişdir.

Tədbirdə Komitənin fəaliyyəti barədə məlumat dinlənilmiş, azadlıqdan məhrumetmə yerlərinə başçəkmələr zamanı məhkumlarla çoxsaylı görüşlərin keçirildiyi, 370-dək məhkuma müxtəlif məsələlərlə bağlı hüquqi yardım göstərildiyi, maarifləndirici və mədəni tədbirlərin təşkil olunduğu, monitorinq prosesinə bu təsisata daxil olmayan digər QHT və KİV nümayəndələrinin də cəlb edildiyi bildirilmişdir.

Toplantıda İctimai Komitənin gördüyü işlər müzakirə olunmuş, penitensiar sistemdə aparılan islahatlar prosesində, o cümlədən məhkumların hüquqlarının qorunması, saxlanma şəraitinin yaxşılaşdırılması, onların islah olunması üzrə tədbirlərdə qurumun əhəmiyyətli töhfələr verdiyi, vətəndaş cəmiyyəti ilə hüquq mühafizə orqanları arasında səmərəli əməkdaşlıq mexanizmi kimi özünü göstərdiyi, müsbət təcrübəsinin nüfuzlu beynəlxalq təşkilatların diqqətini cəlb etdiyi xüsusi vurğulanmış, Komitə üzvlərinə monitorinqlərin dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması, islah, məhkumların sosial reabilitasiyası məsələlərinin daim diqqətdə saxlanılması və fəaliyyəti ilə bağlı digər tövsiyələr verilmişdir.

İclasda Komitənin illik hesabatına dair faydalı fikir mübadiləsi aparılmış, qarşılıqlı maraq doğuran suallara aydınlıq gətirilmişdir.

Keçidlər