X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

İcra işinin səmərəliliyinin artırılması diqqət mərkəzindədir

Fevralın 17-də Ədliyyə Nazirliyində icra xidmətinin yerli qurumları rəhbərlərinin iştirakı ilə məhkəmə qərarlarının icrası sahəsində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan ədliyyə nazirinin müavini Vilayət Zahirov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən məqsədyönlü tədbirlərdən danışaraq qeyd etmişdir ki, aparılan islahatlar çərçivəsində məhkəmə qərarlarının icrası işi xeyli yaxşılaşdırılmış, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunması istiqamətində köklü dəyişikliklərə nail olunmuş, qanunvericilik əsaslı surətdə yeniləşmiş, yeni təsirli icra mexanizmləri tətbiq olunmaqla icra məmurlarının səlahiyyətləri genişləndirilmiş, xidmətin maddi-texniki bazası möhkəmləndirilmişdir.

İcra baş idarəsinin rəisi, Baş icra məmuru Xanlar Zeynalov iclasda 2011-ci ildə görülmüş işlər barədə məruzə ilə çıxış etmişdir.

Qeyd olunmuşdur ki, hesabat dövründə icra işinin səmərəliliyinin artırılması üzrə kompleks tədbirlər davam etdirilmiş, icraatda olan işlərin böyük əksəriyyətinin icrası təmin olunmuş, kadrlarla işə xüsusi əhəmiyyət verilərək müsabiqədə uğur qazanmış gənc mütəxəssislərin işə qəbulu, əməkdaşların peşəkarlığının və məsuliyyətinin artırılması üzrə təsirli tədbirlər görülmüşdür.

2011-ci ildə icraatda olan 162 mindən çox icra sənədinin 82%-ə yaxını öz qanuni həllini tapmış, qalanlarının qanunvericiliklə müəyyən edilmiş müddətlərdə tamamlanması üçün tədbirlər görülür. Məhkəmə qərarlarının icrasına maneçilik törədən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 1602 borclu şəxs inzibati məsuliyyətə cəlb olunmuş, həmçinin 222-si barəsində cinayət işi başlanılmışdır.

İcra sənədlərinin icrası nəticəsində hüquqi və fiziki şəxslərə ödənilən vəsaitin məbləği ötən il 28 % artaraq 97 milyon manatdan çox təşkil etmişdir.

İclasda ölkə başçısının korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair tapşırıqları ilə əlaqədar icra sahəsində korrupsiyaya şərait yaradan halların, o cümlədən süründürməçiliyin aradan qaldırılması məsələsinin daim diqqətdə saxlanılması, xüsusilə qaynar xətlərin yaradıldığı, daxil olan şikayətlərin operativ və dolğun araşdırılması, nəticələri üzrə təxirəsalınmadan təsirli tədbirlərin görülməsi vurğulanmışdır.

Müşavirə zamanı həmçinin, mövcud problemlər və çatışmazlıqlar, o cümlədən icra məmurları tərəfindən əmək və icra intizamının, etik davranış qaydalarının pozulması halları qeyd edilmiş, bir sıra yerli icra qurumlarının fəaliyyəti tənqid olunmuş, bəzi işçilər tərəfindən vəzifə borclarına laqeyd münasibət bəslənilərək icra tədbirlərinin vaxtında həyata keçirilmədiyi, işlərin hərəkətsiz saxlanılması və bunun da vətəndaşların haqlı narazılığına səbəb olduğu diqqətə çatdırılmışdır. 2011-ci ildə xidmətin 18 əməkdaşı intizam məsuliyyətinə cəlb olunmuş, Bakı şəhəri Nəsimi, Nizami, habelə Xaçmaz rayonları üzrə 3 icra məmuru kobud qanun pozuntularına və ciddi nöqsanlara yol verdiklərinə görə ədliyyə orqanlarından xaric edilmişdir.

Sonda xidmətin fəaliyyətinə tələbkarlığın və nəzarətin gücləndirilməsi, tabe qurumlarda mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması, işin səmərəliliyinin artırılması, məhkəmə qərarlarının vaxtında və dürüst icrasına nail olunması  üçün konkret tapşırıqlar verilmişdir.

Keçidlər