X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Hakimliyə namizədlərlə ilkin tədris kursları başlanmışdır

Hakimliyə namizədlərlə şəffaf prosedurlar əsasında, beynəlxalq standartlara uyğun keçirilmiş test üsulu ilə, habelə yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 77 nəfər namizəd növbəti mərhələyə - uzunmüddətli tədris kurslarına buraxılmışlar.

Kursun proqramı müasir metodika və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış, namizədlərin hakim olmaq üçün lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə xüsusi diqqət yetirilərək, proqrama ən aktual, o cümlədən insan haqları, xüsusilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi (presedentləri), habelə məhkəmə etikası, korrupsiya ilə mübarizə, milli qanunvericiliyin yenilikləri və digər məsələlərə dair mövzular daxil edilmiş, müxtəlif məhkəmələrdə yarımillik staj keçmə nəzərdə tutulmuşdur.

Bu gün həmin kursun təntənəli açılışı olmuşdur. Kursu açaraq dinləyicilər qarşısında mühazirə ilə çıxış Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu dövlət inkişafı kursunu, əldə olunmuş yüksək nailiyyətləri vurğulamış, məhkəmə sisteminin müasirləşdirilməsi, hakimlərin müstəqilliyinin təmin olunması, əhalinin məhkəmələrə inamının gücləndirilməsi və müraciət imkanlarının asanlaşdırılması üzrə işləri, qarşıda duran mühüm tədbirləri qeyd etmişdir.

Kursa başlayan hakimliyə namizədlərə uğurlar arzulayan nazir məhkəmə sistemində nəzəri və peşə hazırlığı ilə yanaşı, yüksək insani keyfiyyətlərinə, o cümlədən mənəvi təmizliyinə, ədalətliliyinə və qərəzsizliyinə, insanlara qayğılı münasibətinə görə fərqlənən şəxslərin təmsil edilməsinin zəruriliyini bildirmiş, onlara bu yüksək amalları daim uca tutmalarını tövsiyə etmişdir.

Sonra tədris proqramına uyğun olaraq kurs Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynovun insan hüquqlarının etibarlı təminatı mövzusu və digər aktual məsələlər üzrə mühazirələrlə öz işini davam etdirmişdir.

Qeyd olunmalıdır ki, Ədliyyə Akademiyasında 1 il müddətində davam edəcək kursda yüksək məhkəmə hakimlərinin, görkəmli alimlərin, zəngin biliyə və təcrübəyə malik olan şəxslərin, habelə nüfuzlu xarici mütəxəssislərin mühazirələri təşkil olunacaq və kurs çərçivəsində hakimliyə namizədlər xarici ölkələrdə müsbət beynəlxalq təcrübə üzrə ayrıca təlimlər keçəcəklər.

Keçidlər