X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Gənclər ədliyyə orqanlarına qulluğa qəbulla bağlı yaradılmış şəffaf prosedurlardan dəyərlənir

Ədliyyə Nazirliyinə yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik kadrların aşkarlıq şəraitində qulluğa qəbulu davam edir.

Bununla əlaqədar cari ilin aprelin əvvəlində elan edilmiş növbəti açıq müsabiqə üzrə iyunun 9-da aşkarlıq şəraitində vahid auditoriyada - Azərbaycan Texniki Universitetinin idman sarayında 308 namizədlə test imtahanı keçirilmişdir.

Məlumat verildiyi kimi, müsabiqə proseduru xeyli sadələşdirilmiş və test imtahanında iştirak etmək üçün yalnız müvafiq formada ərizə ilə müraciət etmək kifayət olmuşdur. Namizədlər ərizənin formasını Ədliyyə Nazirliyindən və nazirliyin internet səhifəsindən əldə etmişlər.

Test sualları bilavasitə imtahan zalında namizədlərin, həmçinin çoxsaylı yerli və beynəlxalq təşkilatlardan olan müşahidəçilərin və mətbuat nümayəndələrinin iştirakı ilə seçilmiş və imtahandan dərhal sonra cavab kartları yoxlanılaraq nəticələr yerindəcə elan olunmuşdur. Bütün imtahan prosesi internetdə Ədliyyə Nazirliyinin səhifəsində "on-line" rejimində birbaşa yayımlanmışdır. Şəffaflığın təmin edilməsi məqsədilə test imtahanında tətbiq edilən prosedurlar müşahidəçilər tərəfindən yüksək dəyərləndirilmişdir.

Qaydalara əsasən test imtahanında namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünyagörüşünü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarət olmuş və imtahanda 109 namizəd müvəffəqiyyət qazanmışdır.

Namizədlərin tərkibinin təhlili göstərmişdir ki, onlar müxtəlif regionlardan olmaqla, əsasən ilk dəfə əmək fəaliyyətinə məhz ədliyyə orqanlarında başlamaq arzusunda olan gənclərdir. Eyni zamanda uğur qazananların arasında ədliyyə sahələrində yardımçı vəzifələrdə və digər təşkilatlarda çalışan hüquqşünaslar vardır.  

Bildiririk ki, test imtahanında müvəffəqiyyət qazanmış namizədlər qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini 15 iş günü ərzində nazirliyin Kadrlar idarəsinə təqdim etməlidirlər. Sənədlərin siyahısı nazirliyin internet səhifəsində yerləşdirilmişdir.

Ədliyyə orqanlarına qulluğa qəbul üçün qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə - söhbətə  buraxılacaqlar və onlarla fərdi qaydada söhbət aparılacaqdır.

Söhbətin vaxtı və yeri barədə aidiyyəti namizədlərə əlavə məlumat veriləcəkdir.

Xatırladırıq ki, ümumilikdə müsabiqədən uğurla keçən namizədlər peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcəklər və təlimin sonunda keçiriləcək imtahan nəticəsində müvəffəqiyyət qazanan namizədlərin qulluğa qəbul məsələsi həll olunacaqdır. 

Keçidlər