X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyinin məlumatı

Dövlət qulluğunun xüsusi növü olan ədliyyə orqanlarında vakant ştat vahidlərinə qulluğa qəbulun müsabiqə əsasında şəffaf prosedurlarla keçirilməsi üzrə tədbirlər davam etdirilir.

Elan olunmuş builki açıq müsabiqədə iştirak etmək üçün müraciət edən şəxslərin sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada toplanılmış və yoxlanılmışdır.

Nəticə etibarilə müsabiqəyə dövlət, özəl və xarici təhsil müəssisələrini bitirmiş 256 nəfər namizəd buraxılmışdır.

Bildiririk ki, namizədlərin təxminən yarıdan çoxu ölkəmizin regionlarını təmsil edir. Böyük çoxluq 25 yaşınadək olanlardır. Müsabiqədə iştirak edənlər arasında ədliyyədə və məhkəmələrdə yardımçı vəzifələrdə çalışan, digər təşkilatlardan ədliyyə orqanlarına işə keçmək istəyən, bələdiyyə qulluqçuları və vəkillik fəaliyyəti ilə məşğul olan namizədlərlə yanaşı, ilk dəfə əmək fəaliyyətinə məhz ədliyyə orqanlarında başlamaq arzusunda olanlar da vardır. Namizədlərin əksəriyyətini Bakı Dövlət Universitetinin məzunları, təxminən hər dörd nəfərdən birini isə qadınlar təşkil edir.

Qeyd olunur ki, builki müsabiqədə iştirak edən namizədlərdən 22 nəfəri bundan əvvəl keçirilmiş müsabiqədə iştirak etmiş, lakin müvəffəqiyyət qazana bilməmiş şəxslərdir.

Müsabiqədə iştirak edən namizədlərə kömək məqsədilə test imtahanının keçirilməsi ilə bağlı, həmçinin imtahan suallarının hazırlanmasında istifadə olunan qanunlar və digər sənədlər barədə müvafiq məlumatı özündə əks etdirən "Yaddaş kitabçası" hazırlanmış, namizədlərə təqdim edilmiş və bütün aidiyyəti sənədlər kimi nazirliyin internet səhifəsində yerləşdirilmişdir.

Xatırladırıq ki, müsabiqənin test imtahanı mərhələsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birlikdə sentyabrın 27-də Bakı Dövlət Universitetində keçirilmiş və imtahanda 221 namizəd iştirak etmişdir.

Üç saat davam edən test imtahanını 40-a yaxın yerli və beynəlxalq müşahidəçi, həmçinin, kütləvi informasiya vasitələrinin nümayəndələri izləmişdir.

Qaydalara əsasən test imtahanında namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünaygörüşünü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarət olmuşdur. Test imtahanında mümkün 90 baldan 55 və daha artıq bal toplayaraq müvəffəqiyyət qazanmış 99 namizəd müsabiqənin ikinci mərhələsinə - söhbətə buraxılmışdır.

Keçidlər