X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqə üzrə test imtahanı dekabr ayının 26-da keçiriləcəkdir

Nazirliyin Müsabiqə Komissiyası bildirir ki, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı dekabr ayının 26-da keçiriləcəkdir və bununla əlaqədar cari ilin oktyabr ayının ortasından başlanmış sənəd qəbulu dekabr ayının 20-də başa çatır.

Müsabiqənin test imtahanı saat 10:00-da bütün namizədlər üçün vahid auditoriyada - Azərbaycan Texniki Universitetinin idman sarayında, Bakı şəhəri, A.Sultanova küçəsi 5 ünvanında keçiriləcəkdir.

Xatırladırıq ki, yeni qaydalara əsasən test imtahanının yekununa görə 60 və daha artıq bal toplamış namizədlər uğur qazanmış hesab olunur. Həmin namizədlərin digər sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar.

Namizədlərin nəzərinə çatdırırıq ki, test imtahanının keçirilməsi qaydası və imtahan suallarının hazırlanmasında istifadə olunmuş normativ hüquqi aktlara dair xülasə ilə bağlı "Yaddaş kitabçası" hazırkı müsabiqə elan edilərkən nazirliyin internet səhifəsində yerləşdirilmiş və müraciət edənlərə təqdim olunur.

Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni dekabr ayının 24-dən etibarən şəxsiyyət vəsiqəsini təqdim etməklə səhər saat 09:00-dan axşam saat 18:00-dək Ədliyyə Nazirliyinin inzibati binasında götürməlidirlər.

Buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər imtahana gecikmədən, buraxılış vərəqəsində göstərilən vaxtda gəlməlidirlər.

İmtahana gələrkən namizədlər buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmayacaqdır.

Nazirliyin internet səhifəsindən, eləcə də 538-01-62, 538-08-15 nömrəli telefonlar vasitəsilə əlavə operativ məlumatlar almaq olar.

 

Keçidlər