X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyində mətbuat konfransı keçirilmişdir

Martın 15-də Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsində "Açıq qapı" günü və mətbuat konfransı keçilmişdir.

Nazirliyin məsul şəxslərinin, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri tədbirdə bildirilmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən genişmiqyaslı ədliyyə islahatları çərçivəsində qeydiyyat və notariat orqanlarının üzərinə düşən vəzifələrin icrası, əhaliyə göstərilən hüquqi xidmətin keyfiyyətinin yüksəldilməsi, aparılan dövlət reyestrlərinin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər davam etdirilir, bu sahədə İKT-nin tətbiqində müsbət nəticələr əldə olunur.

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı 350 minə yaxın əməliyyat aparılmış, Ədliyyə və Səhiyyə nazirlikləri arasında məlumat mübadiləsi üzrə informasiya sisteminin imkanlarından səmərəli istifadə olunaraq 168 mindən artıq doğum qeydə alınmış və bu proses tam elektron qaydada həyata keçirilir.

BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilən layihə çərçivəsində son 75 il ərzində qeydiyyata alınmış 15 milyondan artıq vətəndaşlıq vəziyyəti aktı elektron formata köçürülmüş, "Əhalinin Dövlət Reyestri" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminin tamlığı təmin edilmişdir.

Vətəndaş cəmiyyətinin inkişafı üçün əlverişli şərait yaradılmış, 2012-ci ildə 172 qeyri-kommersiya qurumu dövlət qeydiyyatına alınmış, 182 mətbu nəşrin uçotu aparılmışdır. Hazırda ölkədə dövlət qeydiyyatına alınmış qeyri-kommersiya təşkilatlarının sayı 3.800-ü, mətbu nəşrlərin sayı isə 4.700-ü ötmüşdür.

QHT-lərə qrantların verilməsi haqqında qeydə alınmış müqavilələr üzrə ümumi məbləğ 2011-ci illə müqayisədə 21% artaraq 39.542.569 manat təşkil etmiş, qanunvericiliyi və nizamnamə tələblərini pozan 187 təşkilata xəbərdarlıq edilmiş, qanun pozuntularının aradan qaldırılması barədə 11 göstəriş verilmişdir.

Ölkəmizin sürətli sosial-iqtisadi inkişafının mülki hüquq münasibətlərindən irəli gələn məsələlərin həlli üçün əhaliyə yaratdığı geniş imkanlar nəticəsində notariat orqanlarında rəsmiləşdirilən hərəkətlərin sayı son 10 ildə 3 dəfədən çox artaraq 2012-ci ildə 4,4 milyona çatmışdır. Həmçinin, xüsusi notariat institutunun inkişafı notariat hərəkətlərinin rəsmiləşdirilməsinə öz töhfəsini vermişdir. Artıq ölkədə bütün notariat korpusunun 1/3-dən çoxunu xüsusi notariuslar təşkil edir.

1927-ci ildən bəri 1,3 milyona yaxın notariat sənədini ehtiva edən Dövlət notariat arxivində vəsiyyətnamələrin elektron məlumat bazası yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul və 5 sentyabr tarixli fərmanları ilə yaradılmış "ASAN xidmət" mərkəzində qeydiyyat və notariat fəaliyyəti təşkil edilmiş, bu sahədə çalışan əməkdaşlar Ədliyyə Akademiyasında və yerlərdə keçirilmiş treninqlərə cəlb olunmuşlar.

Ölkə başçısı tərəfindən iş adamlarının hüquqlarının qorunması məqsədi ilə yaradılmış Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə 110 mindən artıq yoxlamanın keçirilməsi barədə informasiya verilmiş, məlumatlar qanunvericiliyə uyğun təqdim olunmadığı üçün 29 mindən artıq yoxlama qeydiyyata alınmamışdır. Yoxlamalar haqqında məlumatların daha asan əldə edilməsi üçün telefonla avtomatlaşdırılmış və mobil rabitə üzərində qısa mesaj vasitəsi ilə məlumatlandırma xidməti təşkil olunmuşdur.

"Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" ölkə Prezidentinin 2011-ci il 23 may tarixli Fərmanının icrası ilə əlaqədar nazirliyin rəsmi internet informasiya ehtiyatında elektron xidmətlər inkişaf etdirilərək doğumun və nikahın qeydiyyatı üçün ərizənin və sənədlərin elektron qəbulu təşkil edilmiş, "Elektron hökumət" portalında Azərbaycan adları barədə məlumatın verilməsi ən çox istifadə edilən xidmət kimi müəyyən olunmuşdur.

Bakı şəhərinin notariat kontorlarında quraşdırılmış elektron xidmət köşkləri vasitəsi ilə notariat hərəkətləri, o cümlədən dövlət rüsumları və haqlar barədə geniş məlumat verilməsi ilə yanaşı müvafiq ödənişlərin həyata keçirilməsi də təşkil olunmuşdur. Belə köşklərin yaxın zamanlarda qeydiyyat orqanlarında quraşdırılması nəzərdə tutulur.

Mətbuat konfransından sonra qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsində yaradılmış şəraitlə tanış olmuşlar.

Keçidlər