X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycanda aparılan məhkəmə-hüquq islahatları maraqla qarşılanır

Mayın 23-də ədliyyə nazirinin müavini Azər Cəfərov ölkəmizdə səfərdə olan Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Nils Mujniyeksin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Azərbaycan və Avropa Şurası arasında sıx əlaqələrin olduğunu söyləyən nazir müavini ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda insan hüquqlarının etibarlı qorunmasına xidmət edən məhkəmə islahatı, o cümlədən yeni məhkəmələrin yaradılması, infrastrukturun müasirləşdirilməsi, hakimlərin sayının artırılması, hakimliyə namizədlərin Avropa Şurası tərəfindən örnək kimi dəyərləndirilən seçimi və tədrisi barədə məlumat vermiş, habelə elektron ədliyyənin inkişafı, eləcə də məhkumların hüquqlarının qorunması, onlara yüksək səviyyəli tibbi xidmətin göstərilməsi üzrə həyata keçirilən tədbirlərdən danışmış, bu sahədə beynəlxalq qurumlarla səmərəli qarşılıqlı fəaliyyəti qeyd etmişdir.

Söhbət zamanı ötən il İngiltərənin Brayton şəhərində İnsan hüquqları üzrə Avropa Məhkəməsinin gələcəyinə həsr olunmuş ədliyyə nazirlərinin Konfransı çərçivəsində Komissar və Azərbaycan ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti arasında keçirilmiş ikitərəfli görüşdən məmnunluq ifadə olunmuşdur.

Ədliyyə Nazirliyi ilə səmərəli əməkdaşlığı təqdir edən qonaqlar respublikamızda aparılan məhkəmə-hüquq islahatlarını maraqla qarşılamış, Avropa Şurası ilə tərəfdaşlıq şəraitində həyata keçirilən tədbirlərə bundan sonra da hərtərəfli dəstək göstərilməsinə və birgə fəaliyyətin daha da dərinləşdirilməsinə hazır olduqlarını bildirmişlər.

Görüşdə həmçinin, insan haqlarının qorunması, qanunvericiliyin təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin inkişafı və digər maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.

 

Keçidlər