X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Məhkəmə fəaliyyəti daim təkmilləşir

Mətbuatda xəbər verildiyi kimi hakimlərin mütərəqqi seçimi prosesi çərçivəsində çoxmərhələli imtahanları, o cümlədən bir il davam etmiş təlim kurslarını müvəffəqiyyətlə başa vurmuş 72 nəfər hüquqşünas dövlət başçısının Sərəncamı ilə bu ay hakim vəzifələrinə təyin edilmiş, Ali Məhkəmənin Plenumunda and içməklə fəaliyyətə başlamışlar.

Yeni təyin olunmuş hakimlər Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşlər. Tədbirdə çıxış edən nazir əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət inkişafı kursunun uğurla davam etdirildiyini, həyata keçirilən dinamik iqtisadi inkişaf, quruculuq işləri, uğurlu xarici siyasət nəticəsində ölkəmizin regionun lider dövlətinə çevrildiyini qeyd etmiş, məhkəmə sisteminin inkişafı üzrə genişmiqyaslı tədbirləri vurğulamışdır. Bu ayın 9-da yüksək demokratik standartlar çərçivəsində və mütəşəkkil keçirilmiş prezident seçkilərində möhtərəm Prezidentimiz cənab İlham Əliyevi böyük vətəndaş həmrəyliyi ilə yenidən ölkə başçısı seçməklə, Azərbaycan xalqı, hərtərəfli, o cümlədən məhkəmə islahatlarının uğurlu davamına təminat əldə etmişdir.

Qeyd edilmişdir ki, dövlət başçısının məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə dair tapşırıqlarının icrası üzrə görülən ardıcıl tədbirlər, o cümlədən 300-dən çox yüksək hazırlıqlı hüquqşünasın Avropada ən mütərəqqi qaydalarla seçilib hakim təyin edilməsi, məhkəmə hakimiyyətinin müstəqilliyinin artırılması, korrupsiyaya qarşı mübarizədə effektiv mexanizmlərin yaradılması, habelə haqlı narazılığa və digər neqativ hallara yol verən 70 hakimin səlahiyyətlərinə xitam verilməsi məhkəmə sisteminin fəaliyyətinə müsbət təsir göstərmişdir.

Həmçinin, bildirilmişdir ki, cari ildə hakim kadrlarından səmərəli istifadə üzrə görülmüş tədbirlər nəticəsində bütün yuxarı instansiya məhkəmələri, habelə gənc hakimlərin təyinatı ilə birinci instansiya məhkəmələri demək olar ki, tam komplektləşdirilmişdir. Bu isə hakimlərin iş yükünün azalmasına, nəticə etibarilə, işlərə daha keyfiyyətli baxılmasına, yol verilən süründürməçilik və digər pozuntuların aradan qaldırılmasına səbəb olur.

Gənc hakimlərə fəaliyyətlərində uğurlar arzulayan nazir, hakim adının və ləyaqətinin daim uca tutulmasının, bu şərəfli ada xələl gətirə bilən hər cür hərəkətdən çəkinməyin, hakimlərin Etik Davranış Kodeksinin tələblərinə dönmədən və dürüst əməl etməyin vacibliyini vurğulamış, onların məhkəmə hakimiyyətinə əhalinin inamını əməlləri ilə artıracaqlarına ümid etdiyini bildirmişdir.

Həmçinin, yeni təyin olunmuş hakimlərə məhkəmədə işin təşkili, vətəndaşlarla və məhkəmə aparatı işçiləri ilə münastibətlərin düzgün qurulması, habelə statistik hesabatların və təhlillərin aparılmasına dair müvafiq tövsiyələr verilmişdir.

Tədbirdə dövlətimizin siyasi iradəsi ilə məhkəmələrin iş şəraitinin yaxşılaşdırılması üzrə böyük infrastruktur layihələrin həyata keçirilməsi, o cümlədən ən müasir İKT-lərlə təchiz olunmuş məhkəmə binalarının istifadəyə verilməsi, 7 məhkəmə üçün bina və komplekslərin inşasının sürətlə aparılması, 33 məhkəməni əhatə edən belə binaların isə artıq layihələndirilməsi qeyd olunmuş, yeni hakimlərin fəaliyyətə başlamaları ilə bağlı zəruri iş şəraitinin yaradılması və digər təşkilati məsələlərə dair müvafiq tapşırıqlar verilmişdir.

İclasda Məhkəmə-Hüquq Şurası və Hakimlərin Seçki Komitəsinin bir sıra üzvləri iştirak etmişlər.

Keçidlər