X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı noyabr ayının 16-da keçiriləcəkdir

Nazirliyin Müsabiqə Komissiyası bildirir ki, növbəti müsabiqə üzrə test imtahanı noyabr ayının 16-da keçiriləcəkdir və bununla əlaqədar ədliyyə orqanlarında işləmək arzusunda olan hüquqşünaslar üçün cari ilin avqust ayından başlanmış sənəd qəbulu noyabr ayının 12-də başa çatır.

Şəffaflığın təmin edilməsi, o cümlədən yerli və beynəlxalq müşahidəçilərin tədbiri tam izləmələri məqsədilə imtahan bütün namizədlər üçün vahid auditoriyada - Azərbaycan Texniki Universitetinin idman sarayında, Bakı şəhəri, A.Sultanova küçəsi 5 ünvanında saat 10.00-da keçiriləcəkdir (imtahan yerinə getməyə kömək üçün müvafiq videoçarx Nazirliyin internet səhifəsində yerləşdirilmişdir).

Namizədlər üçün imtahanlara mükəmməl hazırlaşmalarına və yüksək nəticələrə nail olmalarına köməklik məqsədilə oktyabr ayından Ədliyyə Akademiyasında xüsusi proqram əsasında hazırlıq kursu təşkil olunmuş, test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlara dair xülasə və "Yaddaş kitabçası" nazirliyin internet səhifəsində yerləşdirilmişdir.

Xatırladırıq ki, qaydalara əsasən test imtahanının yekununa görə 55 və daha artıq bal toplamış namizədlər uğur qazanmış hesab olunur. Həmin namizədlərin zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar.

Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni noyabr ayının 14-dən etibarən saat 9-dan 18-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Ədliyyə Nazirliyinin inzibati binasında götürməlidirlər.

Buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər imtahana gecikmədən, buraxılış vərəqəsində göstərilən vaxtda gəlməlidirlər. İmtahana gələrkən namizədlər buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmayacaqdır.

Nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, (012) 538-08-15 nömrəli telefonlar vasitəsilə əlavə operativ məlumatlar almaq olar.

 

Keçidlər