X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Türkiyə ilə ədliyyə sahəsində əməkdaşlıq uğurla davam edir

Qədim tarixi köklərə malik Azərbaycan-Türkiyə strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətlərində hüquqi sahədə əlaqələr xüsusi yer tutur. 2001-ci ildə ulu öndərimiz Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri zamanı iki ölkənin Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Protokol imzalanaraq hüquqi sahədə əlaqələrimizin genişlənməsinə təkan verilmiş, zəngin müqavilə-hüquq bazasına söykənən bu əlaqər son illər dinamik inkişaf etmiş, Ədliyyə nazirlikləri arasında imzalanmış Əməkdaşlıq Proqramının implementasiyası çərçivəsində birgə tədbirlər keçirilmiş, qarşılıqlı fəaliyyət daha da intensivləşmişdir.

Mətbuatda xəbər verildiyi kimi, Türkiyə Respublikası Ədliyyə Nazirliyinin Cəza və Həbs Evləri Baş İdarəsinin rəisi Enis Yavuz Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Səfər zamanı qonaqlar Penitensiar xidmətdə olmuş, bu sahədə aparılan islahatlara böyük maraq göstərərək bir neçə penitensiar müəssisələrə, o cümlədən müasir tipli Bakı istintaq təcridxanasına baş çəkmiş, yaradılmış şəraitlə tanış olmuşlar. Həmçinin nümayəndə heyəti Ali Məhkəmədə olmuş, məhkəmə binasının bir çox ölkələrdə olmayan öz funksionallığı və müasir görkəmi ilə fərqləndiyini heyranlıqla vurğulamışdır. Azərbaycanın brendi sayılan "ASAN xidmət" mərkəzində insanlara yüksək xidmət və diqqət göstərilməsindən qonaqlar məmnun qalmışlar.

Noyabrın 8-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Türkiyə Ədliyyə Nazirliyinin nümayəndə heyəti ilə görüşmüşdür.

Ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin, o cümlədən hüquqi əlaqələrin inkişafından məmnunluğunu ifadə edən nazir dövlətlərimizin rəhbərlərinin qarşılıqlı səfərlərinin bu əlaqələrin möhkəmlənməsində xüsusi rolunu qeyd etmiş, həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyini, habelə Ədliyyə akademiyaları arasında uğurlu əməkdaşlığı vurğulamışdır.

Nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafı üzrə aparılan islahatlar çərçivəsində penitensiar sahədə görülən işləri, o cümlədən səmərəli ictimai nəzarət mexanizminin tətbiqini, infrasturkturun müasirləşdirilməsini qeyd etmiş, islahatlar zamanı bir sıra xarici ölkələrin, o cümlədən Türkiyənin təcrübəsinin nəzərə alındığını bildirmişdir. Məhkumlara keyfiyyətli tibbi xidmətin göstərilməsi və bu sahədə müsbət təcrübəmizin beynəlxalq mükafata layiq bilinərək dünyada geniş yayılması xüsusi vurğulanmışdır.

Azərbaycana ilk səfər zamanı özlərini doğma Vətənindəki kimi hiss etdiklərini vurğulayan qonaqlar ölkəmizin dinamik inkişafının şahidi olduqlarını qeyd etmiş, ədliyyə orqanları arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə böyük önəm verdiklərini söyləmişlər.

E.Yıldırım son on ildə ölkəsində cəza-icra sisteminin inkişafı, xidməti personalın tədrisi, müasir penitensiar infrastrukturun yaradılması üzrə görülən işlərdən danışaraq qarşılıqlı fəaliyyətə dair birgə səylərin artırılmasının və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulamışdır.

Ölkəmizdə məhkəmə sisteminin islahatı, hakimlərin Avropada örnək kimi dəyərləndirilən şəffaf seçimi barədə məlumat qonaqlar tərəfindən maraqla qarşılanmış, hakimlərin tədrisi məsələlərinə toxunularaq hakimliyə namizədlərin qardaş ölkədə tədris səfəri və məhkəmə orqanlarında staj keçməsi, habelə yüksək ixtisaslı türkiyəli mütəxəssislərin Azərbaycanda tədris kurslarında iştirakı qeyd olunmuşdur.

Görüşdən əməkdaşlığın daha da dərinləşdiriləcəyinə əminlik ifadə olunmuş, korrupsiya ilə mübarizə, müasir İKT və elektron xidmətlərin tətbiqi və s. üzrə faydalı fikir mübadiləsi aparılmışdır.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.

Elə həmin gün Türkiyənin nümayəndə heyəti Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin yeni müasir binasına baş çəkmiş, yaradılmış yüksək şəraiti, İKT-lərin geniş tətbiqini təqdir etmişdir. 

Keçidlər