X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Xaçmaz regional ədliyyə şöbəsinin yeni binasının açılışı olmuşdur

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə sisteminin təkmilləşdirilməsi üzrə genişmiqyaslı islahatlar aparılır, insan hüquqlarının etibarlı təmin olunmasına, vətəndaşların ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılmasına, onlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edən ədliyyə infrastrukturunun müasirləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür, yeni ədliyyə binaları tikilib istifadəyə verilir.

Ədliyyə sahəsində aparılan islahatlar həmçinin beynəlxalq təşkilatların və maliyyə qurumlarının da diqqətini cəlb edir. Belə ki, bu sahədə aparılan işlərə dəstək göstərmək məqsədilə Avropa İttifaqı ilə birgə "Ədliyyə sahəsində islahatlara dəstək" Proqramı həyata keçirilir. 2012-2014-cü illər üzrə Ədliyyə Akademiyasının və regional ədliyyə şöbələrinin potensialının gücləndirilməsi, penitensiar sistemin müasirləşdirilməsi istiqamətlərini əhatə edən bu proqram çərçivəsində xeyli işlər görülmüş, infrastruktur müasirləşdirilmiş, o cümlədən Xaçmaz və İmişli regional ədliyyə şöbələri üçün yeni binalar inşa olunmuşdur.

Azərbaycan ədliyyəsinin 95 illik yubileyi ərəfəsində Xaçmaz regional ədliyyə şöbəsinin yeni tikilmiş müasir inzibati binasının açılışı olmuşdur.

Tədbirdə ədliyyə naziri Fikrət Məmmədov, Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, bölgənin hüquq-mühafizə orqanlarının rəhbərləri, ədliyyə işçiləri, hakimlər, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər.

Mərasimdən əvvəl ümummilli liderimiz Heydər Əliyevin abidəsi ziyarət edilmiş, onun xatirəsi dərin ehtiramla yad olunmuşdur.

Tədbir iştirakçıları Xaçmaz regional ədliyyə şöbəsinin foyesində ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış büstü önünə əklil qoymuşlar.

Bina ilə tanışlıq zamanı bildirilmişdir ki, Xaçmaz regional ədliyyə şöbəsinin ümumi sahəsi min kvadrat metr olan dörd mərtəbəli yeni inzibati binasının inşasına 2012-ci ilin avqust ayında başlanmışdır.

Müasirliyi ilə fərqlənən inzibati binada Xaçmaz regional ədliyyə, rayon icra və qeydiyyat şöbələri fəaliyyət göstərəcəkdir. Burada həmçinin, təntənəli nikah mərasimlərinin keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Bina müasir İKT-lərlə təchiz olunmuş, o cümlədən elektron sənəd dövriyyəsi, video konfrans sistemləri, audio və prezentasiya üçün avadanlıq quraşdırılmışdır. Həmçinin, təhlükəsizlik, elektrik və su təchizatı üçün zəruri infrastruktur yaradılmışdır.

Mərasimdə çıxış edən ədliyyə naziri prezident seçkilərində xalqımızın böyük vətəndaş həmrəyliyi ilə cənab İlham Əliyevi yenidən dövlət başçısı seçməklə Azərbaycanın hərtərəfli sürətli tərəqqisinə, gələcək inkişafına səs verdiyini vurğulamışdır.

Nazir ölkə Prezidentinin rəhbərliyi ilə son illər respublikamızın, xüsusilə regionların sosial-iqtisadi inkişafı üzrə əldə olunmuş yüksək nailiyyətlərdən, o cümlədən genişmiqyaslı ədliyyə islahatlarından, bu sahədə infrastrukturun müasirləşdirilməsindən danışmış, bölgələrdə regional ədliyyə şöbələri üçün yeni binaların istifadəyə verilməsinin ədliyyə orqanlarının təkmilləşdirilməsinə, əhaliyə yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsinə, yerli hüquqşünasların işlə təmin olunmasına, vətəndaşların ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılmasına xidmət etdiyini qeyd etmişdir.

Tədbir iştirakçıları Xaçmaz regional ədliyyə şöbəsi üçün yeni inzibati binanın istifadəyə verilməsini Azərbaycan ədliyyəsinin 95 illik yubileyinə dəyərli töhfə olduğunu vurğulamışlar.

Açılış zamanı, həmçinin müasir İKT-lər tətbiq olunmaqla Şəki regional ədliyyə şöbəsi ilə canlı bağlantı yaradılaraq videokonfrans keçirilmiş, fəaliyyətində aşkarlığın və şəffaflığın, vətəndaşların məlumatlılığının təmin edilməsi məqsədilə qurumun internet saytı istifadəyə verilmiş, habelə regional ədliyyə şöbəsinə yeni xidməti minik avtomobili təqdim edilmişdir.

Sonda ədliyyə işçilərinə işin yüksək səviyyədə təşkil edilməsi, fəaliyyətin təkmilləşdirilməsi, vətəndaşlara layiqli xidmət göstərilməsi ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər