X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyinin Kollegiyasında

Dekabrın 29-da ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilmişdir.

İclasda ulu öndər Heydər Əliyevin siyasi kursunun dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, ölkəmizin son illər sürətli sosial-iqtisadi inkişafı, demokratik hüquqi dövlət quruculuğunda, xüsusilə məhkəmə-hüquq islahatlarının nailiyyətləri qeyd edilmişdir. Vurğulanmışdır ki, ölkə Prezidentinin ədliyyə sisteminə yüksək diqqət və qayğısı nəticəsində işçilərin sosial müdafiəsi gücləndirilmiş, Azərbaycan ədliyyəsinin 95 illik yubileyi ərəfəsində bir qrup hakim və ədliyyə işçisi «Tərəqqi» və «Dövlət qulluğunda fərqlənməyə görə» medallarına və fəxri adlara layiq bilinmişdir. Tədbirdə təltif olunmuş şəxslərə ədliyyə naziri tərəfindən bu yüksək dövlət mükafatları təqdim edilmişdir.

Təltif olunmuş əməkdaşlar çıxış edərək, onlara göstərilən bu yüksək etimadı bundan sonra da doğruldacaqlarını söyləmiş, ölkə rəhbərinə dərin minnətdarlıqlarını ifadə etmişlər.

İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı hazırlanmış illik məruzə müzakirə edilmişdir. Qeyd olunmuşdur ki, 2013-cü ildə inzibati nəzarət qaydasında yoxlanılmış bələdiyyə aktlarının sayı ötən illə müqayisədə artaraq 60.000-ə çatmış, onlardan 2700-ə yaxın akt nazirliyin təklifləri əsasında dəyişdirilmiş və ya ləğv edilmişdir. Bələdiyyə aktlarının surətlərinin qanunvericiliyə uyğun olaraq vaxtında təqdim edilməməsinə görə 364 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə təqdim olunmuş, 25 bələdiyyənin fəaliyyətində aşkar edilmiş hüquq pozuntuları, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar materiallar prokurorluğa göndərilmişdir. Eyni zamanda, bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 3.500 hektara yaxın torpaq sahəsinin geri qaytarılması təmin olunmuşdur. Məruzənin Milli Məclisə təqdim olunması barədə qərar qəbul olunmuşdur.

Tədbirdə həmçinin, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəliliyinin gücləndirilməsi, mövcud nöqsan və çatışmazlıqların səbəblərinin təhlil olunub aradan qaldırılması, metodiki yardımın səviyyəsinin artırılması, regional ədliyyə şöbələrinin və bələdiyyələrin milli assosiasiyalarının imkanlarından səmərəli istifadə olunması üzrə və digər tapşırıqlar verilmişdir.

Eyni zamanda, kollegiyada ədliyyə orqanlarının fəaliyyət istiqamətləri üzrə cari ilin ikinci yarımili ərzində görülmüş işlərin nəticələri müzakirə olunmuş, növbəti il üçün əsas prioritetlər, o cümlədən Azərbaycan 2020: gələcəyə baxış İnkişaf Konsepsiyasının, habelə Korrupsiyaya qarşı mübarizəyə və Açıq Hökumətin təşviqinə dair milli fəaliyyət planlarının icrası ilə bağlı strateji istiqamət və tədbirlər müəyyən edilmiş, icra və notariat xidmətlərinin müasirləşdirilməsi, məhkumların hüquqlarının daha etibarlı qorunması, ədliyyə orqanlarında kadr işinin təkmilləşdirilməsi, elektron xidmətlərin dairəsinin genişləndirilməsi, hüquqi maarifləndirmə işinin gücləndirilməsi ilə bağlı konkret göstərişlər verilmişdir.

Bununla yanaşı, əhaliyə göstərilən elektron xidmətlərin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların layihələri müzakirə olunaraq qəbul olunmuşdur.

İclasda bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınmışdır.

 

Keçidlər