X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Xocalı faciəsi qurbanlarının xatirəsi ədliyyə orqanlarında anılmışdır

XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımından 22 il ötür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə Xocalı şəhərinə hərbi təcavüz edərək xalqımıza qarşı soyqırım aktını törətmiş, nəticədə Xocalı darmadağın edilmiş, dinc sakinlərə amansızcasına divan tutulmuş, 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş, 487 nəfər ağır yaralanmış və 1275 nəfər girov götürülmüşdür.

Bu dəhşətli faciənin 22-ci ildönümü ilə əlaqədar ədliyyə işçiləri Bakının Xətai rayonunda Xocalının günahsız qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoymuş, şəhidlərimizin ruhunu ehtiramla yad etmişlər.

Nazirlikdə və onun struktur qurumlarında keçirilmiş anma mərasimlərində erməni qəsbkarlarının azərbaycanlılara qarşı əsrlər boyu həyata keçirdiyi etnik təmizləmə siyasətindən, o cümlədən bəşəriyyətə qarşı dəhşətli cinayət sayılan Xocalı soyqırımının ağır nəticələrindən bəhs edilmişdir. Bildirilmişdir ki, Xocalı faciəsi yalnız ümummilli lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə gəldikdən sonra siyasi-hüquqi qiymətini almış və onun dünya miqyasında tanıdılması istiqamətində təbliğat işlərinə başlanılmışdır.

Yığıncaqlarda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə geniş çatdırılması və Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyasının uğurla davam etdirilməsi, bu istiqamətdə tədbirlərin keçirilməsinə təkan verən dövlət başçısının bu günlərdə imzaladığı Sərəncamın əhəmiyyəti xüsusi vurğulanmışdır. Qeyd edilmişdir ki, Xocalı faciəsinin dünyada soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınması üzrə mühüm işlər görülmüş, ölkəmizdə və onun hüdudlarından kənarda çoxsaylı və mütəşəkkil aksiyalar təşkil olunmuş, abidə və komplekslər yaradılmışdır.

Nazirlikdə Xocalı faciəsi ilə bağlı əhatəli stend hazırlanmış, kinozalda erməni vandallarının Xocalıda törətdikləri vəhşiliklərdən bəhs edən sənədli filmlər nümayiş etdirilmişdir.

Ədliyyə orqanlarında anım tədbirləri çərçivəsində böyük bir qrup ədliyyə işçisi Nizami Kino Mərkəzində "Xoca" bədii filminə baxmışlar.

Keçidlər