X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

"Elektron məhkəmə" ədalət mühakiməsinə vətəndaş etimadının artmasına xidmət edir

Ötən ay mətbuatda Məhkəmə-Hüquq Şurasının geniş iclasının keçirilməsi, ölkə Prezidenti cənab İlham Əliyevin "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında 13 fevral 2014-cü il tarixli Sərəncamından irəli gələn məsələlərin müzakirə edilməsi barədə məlumat yayılmışdı. Bununla əlaqədar ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova müraciət edib məhkəmə fəaliyyətinin müasirləşdirilməsi üzrə ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən həmin məsələlərə dair fikirlərini öyrənmək istədik.

- Fikrət müəllim, dövlət başçısının "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında Sərəncamını şərtləndirən amillər və onun məhkəmə fəaliyyətində hansı dəyişikliklərə səbəb olacağı barədə fikirlərinizi bölüşmək istərdik.

Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və cənab Prezidentin bilavasitə rəhbərliyi ilə davam etdirilən məhkəmə islahatları çərçivəsində əhaliyə səmərəli xidmət göstərilməsinə, bu zaman korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasına və vətəndaş məmnunluğunun artırılmasına xüsusi önəm verilir.

Müasir informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramlarının qəbulu (Elektron Azərbaycan), ölkə Prezidenti cənab İlham Əliyevin 23 may 2011-ci il tarixli Fərmanı ilə əhaliyə elektron xidmətlərin göstərilməsinə başlanılması və onun günbəgün genişləndirilməsi, korrupsiya ilə mübarizədə ölkə prezidentinin təşəbbüsü ilə yaradılaraq Azərbaycanın milli brendinə çevrilmiş və əhalinin böyük etimadını və rəğbətini qazanmış "ASAN" xidmətin təsis edilməsi vətəndaş-məmur münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan vermişdir.

Bu baxımdan məhkəmə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən köklü islahatlar çərçivəsində məhkəmə fəaliyyətinin elektronlaşdırılması və müxtəlif texnoloji yeniliklərin tətbiqi obyektiv zərurətə çevrilmişdir. "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında 13 fevral 2014-cü il tarixli Sərəncam isə bu sahədə strateji prioritetləri müəyyən etməklə inqilabi təkamülün əsasını qoymuşdur.

Belə ki, "Elektron məhkəmə" informasiya sisteminin yaradılması məhkəməyə müraciət imkanlarının daha da genişlənməsinə, ədalət mühakiməsinin həyata keçirilməsində süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, şəffaflıq və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və sənəd dövriyyəsinin təmin olunmasına xidmət edəcəkdir.

Təsəvvür edin, bu sistemin işləməsi ilə insanlar artıq məhkəməyə gəlmədən, elektron formada müraciət edə biləcək, proses barədə məlumatları elektron daşıyıcıda dərhal alacaq, məhkəmə prosesləri audio-video və digər texniki vasitələrlə qeydə alınacaq, habelə prosesi onlayn rejimdə müşahidə etmək imkanı yaradılacaq, proses iştirakçıları məhkəmənin gedişi, qərarlar və onların icra vəziyyəti və s. məlumatları əks etdirən elektron " şəxsi kabinetə" malik olacaq, işlərin elektron dövriyəsi təşkil ediləcəkdir.

Bu sahədə beynəlxalq təcrübəyə müraciət etdikdə maraqlı məqamlar görünür. Məsələn, Sloveniyada kiçik məbləğli iddialar üzrə elektron məhkəmə və icra sisteminin tətbiq olunması ilə 44 məhkəmədə 350 hakim və məhkəmə işçisi tərəfindən görülən iş hazırda cəmi 1 məhkəmədə 4 hakim və 62 məhkəmə işçisi tərəfindən həyata keçirilir. Avstriya, Türkiyə, Sinqapur və digər dövlətlərdə tətbiq edilən təcrübə, o cümlədən iddiaların elektron formada təqdimi və qeydiyyatı, tərəflərin SMS və digər elektron üsullarla məlumatlandırılması, müxtəlif məlumat bazaları ilə inteqrasiyanın aparılması diqqəti xüsusi cəlb edir. Lakin o da qeyd olunmalıdır ki, bütün Avropa məkanında cəmi 4 dövlətin məhkəmə sistemində (Avstriya, Estoniya, Malta və Portuqaliya) müasir İKT-lərin tam tətbiq olunduğunu demək olar.

Eyni zamanda onu da bildirmək istərdim ki, "Elektron məhkəmə" informasiya sisteminin yaradılması əhəmiyyətli olduğu qədər də mürəkkəb və çoxmərhələli prosesdir.

Bununla əlaqədar bu sahədə qarşıda duran vəzifələr Ədliyyə Nazirliyinin geniş kollegiyasında və Məhkəmə-Hüquq Şurasının sonuncu iclasında müzakirə edilmiş, əhatəli tədbirlər planının hazırlanması, zəruri infrastrukturun formalaşdırılması, müasir İKT-lərin daha geniş tətbiqi, müvafiq qanunvericilik layihələrinin hazırlanması və s. məsələlər üzrə konkret tapşırıqlar verilmişdir.

- Bildiyimizə görə məhkəmə infrastrukturunun müasirləşdirilməsi və qabaqcıl İKT-lərin tətbiqi üzrə genişmiqyaslı işlər görülüb. Bunları "Elektron məhkəmə" informasiya sisteminin yaradılması üçün hazırlıq kimi qəbul etmək olarmı?

Məhkəmə sisteminin və infrastrukturun dinamik inkişafının təmini, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiqi məsələləri ölkə Prezidentinin hələ 2009-cu ildə təsdiq etdiyi Azərbaycan ədliyyəsinin inkişafına dair Dövlət Proqramında əks edilmiş, məhkəmələrdə İKT-lərin tətbiqinin sürətləndirilməsi, müasir tələblərə cavab verən iş prosesinin təşkili, vətəndaşların müraciət imkanlarının genişləndirilməsi ön plana çəkilmişdir.

Həmçinin açıq hökumətin təşviqinə və korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planlarında da vətəndaşların müraciət imkanlarının asanlaşdırılması, insan haqlarının etibarlı təmin edilməsi mexanizmlərinin təkmilləşdirilməsi nəzərdə tutulmuşdur.

Xüsusilə möhtərəm Prezidentimiz tərəfindən ötən ilin "İKT ili" elan olunması ilə əlaqədar bu sahədə tədbirlərimiz daha da genişləndirilmişdir.

Belə ki, son 2 ildə 4 yeni, müasir İKT-lərlə tam təchiz olunmuş məhkəmə binası inşa edilib istifadəyə verilmişdir. Hazırda 10 məhkəmə üçün belə binaların tikintisi aparılır, habelə çoxsaylı yeni məhkəmə binası layihələndirilmiş, digər məhkəmə binalarının bu tələblərə uyğunlaşdırılması üçün intensiv işlərə başlanılmışdır.

Yeni inşa olunan binalarda beynəlxalq tələblərə uyğun iş prosesinin təşkilinə, vətəndaşların müraciət imkanlarının asanlaşmasına xüsusi diqqət yetirilir, proseslərin audio-video yazısını aparan sistemlər, video-konfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi üçün zəruri infrastruktur yaradılır, müasir tipli təhlükəsizlik sistemləri quraşdırılır, vətəndaşlarla qeyri-prosessual münasibətlərin qarşısı alınır.

Həmçinin, Dünya Bankı ilə birgə həyata keçirilən "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində Məhkəmə-Hüquq Şurası, Ədliyyə Nazirliyi, habelə bir sıra ədliyyə və məhkəmə orqanlarında müasir İT infrastrukturunun qurulması işi tamamlanmış, elektron sənəd dövriyyəsi, məhkəmə işlərinin elektron idarəetmə sistemləri, habelə proseslərin elektron qeydiyyatı sistemi hazırlanmışdır. Hazırda həmin sistemlər Bakı şəhəri Yasamal Rayon Məhkəməsində sınaq rejimində tətbiq olunur.

Təhlillər göstərir ki, məhkəmələrdə ən mühüm problemlərdən biri proses iştirakçılarının məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamasıdır. Məhkəmə bildirişlərinin vaxtında çatmaması çəkişmə prinsipinə əməl edilməməsi, işlərə qanunla müəyyən edilmiş müddətdə baxılmaması ilə nəticələnir və haqlı şikayətlər doğurur. Bununla əlaqədar "Elektron-bildiriş" informasiya proqramı hazırlanmış və Bakı şəhərinin Xəzər Rayon Məhkəməsində sınaq rejimində tətbiqinə başlanılmışdır. Bu proqrama uyğun olaraq məhkəmə iclası barədə bildirişlər iş təyin olunan anda hakimin elektron imzası ilə təsdiq olunur və dərhal tərəflərin e-mail ünvanlarına və ya mobil telefonlarına SMS formasında göndərilir.

Eyni zamanda vətəndaşlara hüquqi xidmətin yaxşılaşdırılması məqsədilə məhkəmə sisteminin vahid internet portalı yaradılmışdır. Bu portal vasitəsilə vətəndaşlara məhkəmələrə onlayn rejimində müraciət etmək və cavab almaq, iddia ərizələri və digər məhkəmə sənədlərinin nümunələrini əldə etmək, qəbul günləri və s. barədə ətraflı məlumat almaq imkanı yaradılmışdır.

Məhkəmələrdə təyin edilən işlərin siyahısı və yekun məhkəmə aktları bazasının formalaşdırılaraq portalda yerləşdirilməsi, məhkəmə rüsumlarının elektron qaydada ödənilməsi nəzərdə tutulur. Bu sahədə ölkəmizin təcrübəsindən bir sıra dövlətlər yararlanmaq arzusunu bildirmiş, o cümlədən Xorvatyada aparılan bu işdə Azərbaycan modelinə üstünlük verilmişdir.

Hesab edirik ki, bütün bunlar "Elektron məhkəmə" informasiya sisteminin yaradılmasında təcrübi baxımdan əhəmiyyətli olacaqdır.

 - Səhv etmirəmsə Şuranın sonuncu iclası da Yasamal Rayon Məhkəməsinin qeyd edilən tələblərə uyğun inşa olunmuş binasında keçirilmiş və həmin texnoloji yeniliklər nümayiş etdirilmişdi.

Elədir. Onu da qeyd edim ki, məsələnin əhəmiyyətini nəzərə alıb biz həmin iclası yeni tətbiq olunan müasir İKT-lərdən istifadə etməklə, video-konfrans üsulu ilə keçirdik. Və bu üsulla iclasımıza ölkənin bütün bölgələrindən 80-dək məhkəməni təmsil edən hakimlər canlı olaraq qoşuldu.

İctimaiyyət nümayəndələrinin də iştirak etdiyi həmin iclasda Yasamal Rayon Məhkəməsində sınaq rejimində tətbiq edilən texnoloji yeniliklər nümayiş etdirildi, hakimlərimiz və vətəndaş cəmiyyəti nümayəndələri maraqlı təkliflərlə çıxış etdilər.

- Həmin iclasda məhkəmə sistemində aparılan islahatlar çərçivəsində insanların məhkəməyə əlçatanlığının yaxşılaşdırılması üzrə görülən işlər barədə məlumatlar diqqətimizi cəlb etdi...

Əvvəla onu deyim ki, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə cənab Prezidentin bilavasitə tapşırıqları ilə həyata keçirilən bütün tədbirlərin əsasında vətəndaşların hüquqlarının effektiv məhkəmə müdafiəsinin təşkili dayanır. Bu isə ilk növbədə məhkəməyə çatımlıq imkanının yaxşılaşdırılmasını şərtləndirir.

Təkcə onu qeyd etmək kifayətdir ki, son illər məhkəməyə müraciətlərin asanlaşdırılması məqsədilə 20-dək yeni regional məhkəmələr təsis edilmişdir.

Belə ki, Bakı şəhərində yerləşən respublika miqyaslı apellyasiya məhkəməsi ləğv edilərək, regional xarakterli altı apellyasiya məhkəməsi, Ağır cinayətlərə dair işlər üzrə məhkəmənin əsasında ölkənin dörd bölgəsində ağır cinayətlər məhkəmələri yaradılmış, hərbi məhkəmə sistemi təkmilləşdirilmişdir. Həmçinin dövlət orqanları tərəfindən insan hüquqlarına ciddi əməl olunmasının təmin edilməsi məqsədilə ölkəmizin tarixində ilk dəfə olaraq inzibati ədliyyə institutu təsbit edilmiş və yeddi regional inzibati məhkəmə yaradılmışdır. Bütün bunlar məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması ilə yanaşı, insanlara göstərilən hüquqi xidmətin yaxşılaşdırılmasına və bölgələrdə hüquq təsisatlarının inkişafının stimullaşdırılmasına şərait yaratmışdır.

Eyni zamanda iş yükünün ilbəil (2000-ci illə müqayisədə 8 dəfə) artması məhkəmə araşdırmalarının keyfiyyətinə mənfi təsir göstərən əsas amillərdən biri olmuşdur. Bununla əlaqədar əsaslı təhlillər aparılaraq beynəlxalq təcrübə, o cümlədən Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının müqayisəli hesabatları nəzərə alınmaqla hakimlərin ştat sayı 2 dəfə, məhkəmə aparatı işçilərinin sayı isə 75 faiz artırılmış, hər bir hakim üçün əlavə köməkçi ştatları ayrılmışdır.

Bü da öz növbəsində məhkəmələrdə süründürməçilik və digər pozuntuların azalmasına, işlərə daha keyfiyyətlə baxılmasına şərait yaratmışdır.

 - Yəqin ki, insanların haqlı narazılığını doğuran hallara yol verən hakimlərin məhkəmə sistemindən uzaqlaşdırılması, o cümlədən sonuncu iclasda 10 hakim barədə intizam icraatının başlanılması da məhkəmə fəaliyyətinin təkmilləşməsinə təsirsiz ötmür

Əvvəla onu deyim ki, ölkəmizdə hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi proseduru beynəlxalq təcrübədə mövcud olan ən demokratik əsaslar nəzərə alınmaqla müəyyən olunub. Belə ki, hakimlər barədə intizam icraatı yalnız qanunda nəzərdə tutulmuş zəruri əsaslar olduqda başlanılır. İntizam icraatı üzrə araşdırma isə Şuranın hakim üzvü tərəfindən aparılır. Üç ayadək davam edən bu araşdırma dövründə barəsində intizam icraatı başlanılmış hakim bütün materiallarla tanış edilir, onun izahatları dinlənilir və Şuranın iclasına ətraflı məruzə hazırlanır.

Məhkəmə-Hüquq Şurasının iclasında intizam məsuliyyəti məsələsinə baxılan hakimə özünün seçdiyi vəkilin və ya hakim yoldaşının köməyindən istifadə etməklə müdafiə olunmaq, Şura üzvlərinə etiraz etmək hüququnun verilməsi, səsvermədə yalnız Şuranın hakim üzvlərinin iştirak etməsi, habelə qəbul edilmiş qərardan Ali Məhkəmənin Plenumuna şikayət hüququnun təsbit olunması intizam icraatı prosedurunun obyektivliyinə əlavə şərait yaradır.

Şura fəaliyyət göstərdiyi dövr ərzində insanların haqlı narazılığını doğuran, o cümlədən korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və s. pozuntulara yol verən hakimlərə qarşı daim barışmaz mövqedə olub. Təbii ki, öz fəaliyyəti ilə məhkəmə hakimiyyətinin nüfuzuna və hakimin yüksək adına xələl gətirən, haqlı narazılıq doğuran hakimlər məhkəmə sistemində qala bilməzlər.

Məsələn, ötən il intizam qaydasında 2, qiymətləndirmə nəticəsində 4 hakimin səlahiyyətlərinə xitam verilmiş, 5 nəfər tutduğu vəzifədən azad olunmuş, habelə 3 məhkəmə sədri aşağı işə keçirilmişdir. Ümumilikdə isə Şuranın fəaliyyəti ərzində 161 hakim barədə intizam icraatı üzrə qərar qəbul edilmiş, kobud pozuntulara və digər neqativ hallara yol verən 70 hakim məhkəmə sistemindən kənarlaşdırılmışdır.

Təkcə korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə 5 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş, 7 nəfər tutduğu vəzifədən azad olunmuş, habelə digər intizam tədbirləri görülmüşdür.

Hər bir hakim bilməlidir ki, insan haqlarını təmin etmək, qərəzsiz və ədalətli olmaq, məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirən hər cür hərəkətdən çəkinmək, etik davranış qaydalarına dürüst əməl etməklə vətəndaşlara qayğılı münasibət göstərmək onun ən ümdə vəzifəsidir. Əks təqdirdə o, yüksək hakim adına layiq ola bilməz.

 - Son illərdə hakim korpusunda gənc hakimlərin üstünlük təşkil etməsinin şahidi oluruq...

Doğrudur. Məhkəmə sisteminin hakim adına layiq olmayan şəxslərdən təmizlənməsi, onları əvəzləyəcək yüksək biliyə və mənəvi keyfiyyətlərə malik gənc hüquqşünasların seçimi prosesi ilə paralel həyata keçirilir.

Bu seçim Avropa Şurasında ekspertizadan keçirilərək yüksək dəyərləndirilmiş mütərəqqi Qaydalar əsasında aparılır. Həmin qaydalarla 4 seçim prosesi təşkil olunmuşdur. 10-larla yerli və beynəlxalq təşkilatların, diplomatik korpusların nümayəndələri tərəfindən müşahidə edilən həmin proseslərdə 2600 hüquqşünas iştirak etmiş, şərəfli hakim adına isə yalnız 307 nəfər layiq görülmüşdür. Kadr seçimi tariximizdə ilk dəfə olaraq imtahanlar onlayn rejimdə internet vasitəsilə canlı yayımlanmışdır. Bütün müşahidəçilər imtahanların şəffaf və obyektivliyi ilə bağlı müsbət rəylər vermiş, nüfuzlu beynəlxalq təsisatlar, o cümlədən Avropa Şurası Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) və Avropa İttifaqı bu sahədə Azərbaycan təcrübəsinin tətbiqini tövsiyə etmişlər.

Gördüyümüz bütün bu tədbirlər nəticəsində biz məhkəmə sisteminə ayrılmış və vakant qalmış ştatların tam əksəriyyətinin komplektləşdirilməsinə nail olduq. Təsəvvür edin 2007-ci ildə Bakı şəhərinin rayon məhkəmələrində faktiki olaraq 45 hakim fəaliyyət göstərirdisə, hazırda bu rəqəm 101 təşkil edir. Həmçinin, apellyasiya məhkəmələri hakimlərinin sayı 3 dəfəyə,  Ali Məhkəmə hakimlərinin sayı isə 2 dəfəyədək artırılmışdır.

Onu da qeyd etmək istərdim ki, hazırda bütün hakim korpusunun 60%-i, o cümlədən Bakı şəhəri üzrə 80%-i, apellyasiya instansiyası məhkəmələri üzrə isə yarıya qədəri yeni, şəffaf prosedurlarla seçilmiş gənc nəsil hakimlərdir.

- Gənc hakimlərin məhkəmə sistemində üstünlük təşkil etməsi hansı keyfiyyət dəyişikliklərinə səbəb olmuşdur

Görülən ardıcıl tədbirlərin məhkəmələrə inamın artmasına və ədalət mühakiməsinə çatımlılığa müsbət təsirinin nəticəsidir ki, 2013-cü ildə məhkəmələrə daxil olan mülki xarakterli işlərin sayı ilbəil, o cümlədən 2012-ci ilə nisbətən 13% artaraq 180 minə çatmışdır. Əlbəttə hakimlərin iş yükünün artması bizi narahat edən faktordur. Lakin insanların pozulmuş hüquqlarının müdafiəsi üçün yuxarı icra, yaxud digər hüquq-mühafizə orqanlarına deyil, məhz məhkəmələrə müraciət etməyi üstün tutması və mübahisələrin məhkəmə müstəvisində həllini tapması bizi sevindirir.

Təsadüfi deyil ki, 2013-cü ildə birinci instansiya məhkəmələrində təmin olunan iddiaların sayı artaraq mülki işlər üzrə 93%, iqtisadi mübahisələr üzrə 95%, inzibati mübahisələr üzrə isə 80.5% təşkil etmişdir. Bütün mülki işlər üzrə yekun qərarların 88,5%-i, cinayət işləri üzrə hökmlərin isə 70 %-i ilə tərəflər razılaşmış, başqa sözlə, həmin işlərdən apellyasiya şikayəti və ya protesti verilməmişdir.

Xüsusilə vurğulamalıyam ki, birinci instansiya məhkəmələrinin mülki işlər üzrə yekun qərarlarının 96,4%-nin, iqtisadi mübahisələr üzrə 98%-nin, inzibati mübahisələr üzrə 90,3-nin, cinayət işləri üzrə isə 90,2%-nin dəyişdirilməyərək sabit qalması müsbət keyfiyyət dəyişikliyinin göstəricisidir.

 -Bəzi hallarda mətbuatda Avropa Məhkəməsinə Azərbaycandan olan şikayətlərin və məhkəmənin ölkəmizə qarşı qərarlarının guya artması qeyd olunur və bu məhkəmə sistemindən narazılıq fonunda göstərilir...

Heç bir dövlət ədalət mühakiməsinin tam təkmil olmasını deyə bilməz. Avropa Məhkəməsinin ötən il bütün avropa dövlətləri üzrə çıxardığı qərarların üçdə birinin məhz ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu ilə bağlı olması bunu bir daha sübut edir.

Avropa Məhkəməsinin həmin qərarları ilk növbədə hüquq sisteminin daha da təkmilləşdirilməsi və inkişafı, insan haqlarının etibarlı təminatı naminə əsaslı mənbə kimi qəbul olunur. Elə Məhkəmənin presedent hüququ da məhz buna xidmət edir. Lakin təəssüf ki, Avropa Məhkəməsinin ölkəmizlə bağlı qərarları bəzi hallarda ucuz sensasiya yaratmaq, məhkəmə-hüquq sisteminə qərəzli qiymət vermək, yaxud onun fəaliyyətinə kölgə salmaq naminə istifadə olunur.

O ki qaldı Azərbaycana qarşı çıxarılan qərarların sayına, onlar nəinki artıb, əksinə 2013-cü ildə azalaraq 8 qərar təşkil edib. Halbuki, konvensiyanın tələblərinin pozulması ilə bağlı əhalisinin sayı Azərbaycanla təxminən eyni olan Macarstana qarşı 40, Yunanıstana qarşı isə 32 qərar çıxarılıb. Əhalisinin sayı ölkəmizə nisbətən daha az olan Bolqarıstana, Moldovaya, Slovakiyaya qarşı çıxarılan qərarların sayı Azərbaycanla müqayisədə 2-3 dəfə çoxdur.

Ümumiyyətlə, Avropa Məhkəməsinə Azərbaycandan daxil olan şikayətlərin sayı ümumi Avropa göstəricisindən 2 dəfədən çox aşağıdır.

Amma bu bizdə heç də arxayınlıq yaratmır, Avropa Konvensiyasının və məhkəmə presedentlərinin öyrənilməsi və tətbiqi, habelə hüquq sistemimizin inkişafı naminə istifadəsi işi əzmlə davam etdirilir.

-Fikrət müəllim, bizə vaxt ayırdığınıza və dəyərli fikirlərinizlə bölüşdüyünüzə görə dərin minnətdarlığımızı bildirir, bilavasitə insanlara, onların hüquqlarının etibarlı təminatına yönəlmiş məhkəmə islahatlarının həyata keçirilməsində uğurlar arzulayırıq.

  

Müsahibəni qələmə aldı:
R.Həsənov

Keçidlər