X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Beynəlxalq Prokurorlar Assosiasiyası ilə səmərəli əməkdaşlıq davam edir

Respublikamız nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən 100-dən çox dövləti birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) ilə səmərəli əməkdaşlıq edərək, təşkilatın rəhbər orqanları olan İcraiyyə Komitəsində və Senatında təmsil olunur.

Aprelin 8-də ədliyyə naziri, Assosiasiyanın senatoru və fəxri üzvü Fikrət Məmmədov ölkəmizdə səfərdə olan BPA-nın prezidenti Qerhard Yaroş ilə görüşmüşdür.

Ölkəmizin Assosiasiyanın yarandığı vaxtdan fəal əməkdaşlıq etdiyini qeyd edən nazir təşkilatın ötən il Moskvada keçirilmiş son konfransını xatırladaraq, tədbirdə Q.Yaroşun qurumun prezidenti seçilməsi münasibətilə bir daha təbrik etmiş, ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində və cinayətkarlıqla mübarizə üzrə dünya prokurorlarının səylərinin birləşdirilməsində Assosiasiyanın rolunu vurğulamış, ikitərəfli əlaqələrin inkişafından məmnunluğunu bildirmişdir.

Nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli tərəqqisinə xidmət edən demokratik islahatlar, o cümlədən məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi barədə məlumat vermişdir.

Q.Yaroş səfər zamanı respublikamızın dinamik inkişafının şahidi olduğunu söyləmiş, məhkəmə və ədliyyə sistemində aparılan islahatları təqdir etmişdir. Qonaq Azərbaycanın BPA ilə uğurlu əməkdaşlığını qeyd edərək ölkəmizin Assosiasiyanın işinə verdiyi dəyərli töhfələri, habelə onun rəhbər orqanlarında fəal təmsilçiliyini, o cümlədən Azərbaycan tərəfindən Assosiasiyanın vəsaitlərinin tərcümə olunmasını, internet saytının aparılmasına dəstəyi və fəaliyyəti barədə geniş hüquq ictimaiyyətinin məlumatlandırılmasını yüksək qiymətləndirmişdir. BPA-nın prezidenti Azərbaycanla əməkdaşlığın davam etdirilməsinə önəm verdiyini, qurumun İcraiyyə Komitəsində ölkəmizin yenidən təmsil olunmasının təşkilat üçün faydalı olduğunu qeyd etmişdir.

Görüşdə ikitərəfli əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə əminlik ifadə olunmuş, faydalı fikir mübadiləsi aparılmışdır.

Tədbirdə Assosiasiyanın İcraiyyə Komitəsinin Azərbaycandan olan üzvü, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Kamran Əliyev iştirak etmişdir.

 

Keçidlər