X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə orqanlarında ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə tədbirlər keçirilmişdir

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ədliyyə orqanlarında geniş qeyd olunur.

Azərbaycan dövlətçilik tarixində müstəsna yeri olan dahi Heydər Əliyevin xalqımızın müstəqillik arzusunun və milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində, müasir Azərbaycan dövlətinin qurulması və hərtərəfli tərəqqisində, demokratik, hüquqi dövlət quruculuğunun, mütərəqqi hüquqi islahatların uğurla həyata keçirilməsində, o cümlədən ədliyyə və məhkəmə-hüquq sisteminin formalaşması və inkişafında misilsiz xidmətləri və rolu danılmazdır.

Mayın 7-də Ədliyyə Nazirliyində Heydər Əliyev Muzeyində nazir Fikrət Məmmədovun və kollektivin, gənc ədliyyə işçilərinin iştirakı ilə Ulu Öndərin doğum gününə həsr olunmuş mərasim keçirilmişdir. Tədbirə ulu öndər Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi çətin vaxtlarda onun misilsiz fəaliyyətinin bilavasitə şahidi olmuş Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev dəvət olunmuşdur.

Yığıncaqdan əvvəl dahi şəxsiyyət Heydər Əliyevin nazirlikdəki büstü önünə tər çiçəklər qoyulmuş, əziz xatirəsi anılmışdır.

Mərasimdə Ümummilli Liderin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik irsindən və xalqımız qarşısında misilsiz xidmətlərindən, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsindən danışılmışdır.

Ümummilli lider Heydər Əliyevlə bağlı zəngin təəssüratlarını və xatirələrini bölüşən Ş.Xanbabayev dahi öndərin çətin tarixi şəraitdə xilaskarlıq missiyasından bəhs etmiş, titanik siyasi fəaliyyəti sayəsində ölkəmizi hərtərəfli intibah yoluna çıxararaq ümummilli lider zirvəsinə yüksəldiyini vurğulamış, işıqlı xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını söyləmişdir.

Nazir F.Məmmədov ulu öndər Heydər Əliyevin dövlətimizin müstəqilliyi yolunda müdrik və qətiyyətli addımlar atmasından, Vətəninə və millətinə sonsuz xidmətləri ilə doğma xalqının qəlbini fəth etməsindən bəhs edərək, Azərbaycanın özü qədər əbədi olan bu fenomenal şəxsiyyətin şərəfli ömrünün və siyasi irsinin indiki və gələcək nəsillərə nümunə olduğunu bildirmişdir.

Tədbirdə Heydər Əliyev siyasi kursunu uğurla davam və inkişaf etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə görülən irimiqyaslı işlər və əldə olunan möhtəşəm nailiyyətlər xüsusi vurğulanmış, dahi öndərin irsinin ürəklərə yol tapmasında Heydər Əliyev Fondunun çoxşaxəli nəcib və xeyirxah fəaliyyəti qeyd edilmişdir.

Ədliyyə işçiləri dahi rəhbərin milli dövlətçilik prinsiplərinə daim sadiq qalaraq, müstəqil Azərbaycan dövlətinin daha da qüdrətlənməsi naminə yorulmaz fəaliyyətində ölkə Prezidentinə layiqli yardımçı olacaqlarını söyləmişlər.

Ulu Öndərin doğum günü ilə əlaqədar Heydər Əliyev muzeyində əbədiyaşar liderin zəngin həyatından, titanik fəaliyyətindən bəhs edən maraqlı ekspozisiyalarla tanış olunmuş, nazirlikdə xüsusi stend hazırlanmış, kinozalda Ümummilli Liderə həsr olunmuş sənədli filmlər nümayiş etdirilmişdir.

Əlamətdar gün münasibətilə nazirliyin struktur qurumlarında silsilə tədbir keçirilmişdir. 

Keçidlər