X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı iyun ayının 3-də keçiriləcəkdir

Nazirliyin Müsabiqə Komissiyası bildirir ki, növbəti müsabiqə üzrə test imtahanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birlikdə iyun ayının 3-də keçiriləcəkdir və bununla əlaqədar ədliyyə orqanlarında işləmək arzusunda olan hüquqşünaslar üçün cari ilin fevral ayından başlanmış sənəd qəbulu may ayının 26-da başa çatır. Artıq 350-dən çox namizəd müsabiqədə iştirakla bağlı müraciət etmişdir.

Şəffaflığın təmin edilməsi, o cümlədən yerli və beynəlxalq müşahidəçilərin tədbiri tam izləmələri məqsədilə imtahan bütün namizədlər üçün vahid auditoriyada - Azərbaycan Texniki Universitetinin idman sarayında, Bakı şəhəri, A.Sultanova küçəsi 5 ünvanında saat 10.00-da keçiriləcəkdir (imtahan yerinə getməyə kömək üçün müvafiq naviqasiya məlumatları Nazirliyin internet səhifəsində yerləşdirilmişdir).

Namizədlər üçün imtahanlara mükəmməl hazırlaşmalarına və yüksək nəticələrə nail olmalarına köməklik məqsədilə Ədliyyə Akademiyasında xüsusi proqram əsasında hazırlıq kursu təşkil olunmuş, test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlara dair xülasə və "Yaddaş kitabçası" nazirliyin internet səhifəsində yerləşdirilmişdir.

Xatırladırıq ki, qaydalara əsasən test imtahanının yekununa görə 55 və daha artıq bal toplamış namizədlər uğur qazanmış hesab olunur. Həmin namizədlərin zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar.

Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni 31 may və 2 iyun tarixlərində saat 9-dan 18-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Ədliyyə Nazirliyinin inzibati binasında götürməlidirlər.

Buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər imtahana gecikmədən, buraxılış vərəqəsində göstərilən vaxtda gəlməlidirlər. İmtahana gələrkən namizədlər buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmayacaqdır.

Nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, (012) 538-08-15 nömrəli telefonlar vasitəsilə əlavə operativ məlumatlar almaq olar.

 


Просмотреть Azərbaycan Texniki Universitetinin İdman Sarayı - Ünvan: Ayna Sultanova, 5 на карте большего размера

Keçidlər