X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

"Fərdi elektron pəncərə" elektron məlumat sisteminin ictimai təqdimatı keçirilmişdir

Respublikamızın sürətli sosial-iqtisadi tərəqqisinə mühüm töhfələr verən vətəndaş cəmiyyətinin inkişafına dövlətimiz tərəfindən daim xüsusi diqqət yetirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin vətəndaş cəmiyyətinin dəstəklənməsinə yönələn siyasəti yeni münasibətlər modelinin formalaşdırılaraq dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində ictimaiyyətin iştirakına, vətəndaş təşəbbüsünün artırılmasına, QHT-dövlət tərəfdaşlığının təşviqinə geniş imkanlar yaratmışdır.

Bu sahədə qanunvericilik və institusional islahatlar aparılmaqla QHT-lərə Dövlət Dəstəyi Konsepsiyasının qəbul olunması və QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması ilə vətəndaş cəmiyyətinin inkişafına daha əlverişli şərait yaradılmış, dövlət başçısının Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası QHT sektorunun müasirləşdirilməsinə böyük təkan vermişdir. Bu gün Azərbaycanda 3.000-ə yaxın qeyri-hökumət təşkilatı dövlət qeydiyyatına alınmışdır.

Eyni zamanda, elektron hökumətin təşviqi, müasir İKT-lərin və innovativ yeniliklərin geniş tətbiqi qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsini, bu sahədə elektron sistemlərin yaradılmasını şərtləndirmişdir.

Ölkə Prezidentinin QHT-lərə elektron xidmətlərin göstərilməsində müstəsna əhəmiyyət kəsb edən və konkret tədbirləri nəzərdə tutan "Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 20 noyabr 2013-cü il tarixli Fərmanı bu sahədə işləri daha da sürətləndirmiş, Ədliyyə Nazirliyinə "Fərdi elektron pəncərə" elektron məlumat sisteminin yaradılması və fəaliyyətinin təmin edilməsi tapşırılmışdır. Qısa müddətdə bu mütərəqqi informasiya sistemi hazırlanmış və nazirliyin xüsusi kollegiya iclasında bəyənilərək əyani nümayiş etdirilmişdir.

QHT-lərin fəaliyyəti üçün əlverişli mühit yaradan və ölkə Konstitusiyasında təsbit olunmuş birləşmək hüququnun həyata keçirilməsinə əlavə təminat olan bu yeni sistemin tətbiqi həmçinin, Avropa Şurasının 2014-2016-cı illər üzrə Azərbaycan üçün yeni qəbul olunmuş Fəaliyyət Planının əsas məqsədlərindən olan vətəndaş cəmiyyəti ilə səmərəli dialoqun təşviqinə, QHT-lər və dövlət qurumları arasında ünsiyyət, şəffaflıq və etibarın artırılmasına xidmət edir.

Mayın 22-də Beynəlxalq Mətbuat Mərkəzində "Fərdi elektron pəncərə" elektron məlumat sisteminin ictimai təqdimatı keçirilmişdir.

Tədbirdə Ədliyyə Nazirliyinin məsul əməkdaşları, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının, Milli QHT Forumunun təmsilçiləri, qeyri-hökumət təşkilatlarının və KİV nümayəndələri iştirak etmişlər.

Təqdimat mərasimində elektron məlumat sisteminin strukturu, istifadə qaydaları, interaktiv imkanları və s. nümayiş etdirilmişdir. Bildirilmişdir ki, "Fərdi elektron pəncərə" qeyri-hökumət təşkilatlarının dövlət qurumları ilə qarşılıqlı məlumat mübadiləsini, qanunla müəyyən edilmiş məlumatların, hesabatların elektron formada verilməsini və digər elektron xidmətlərin həyata keçirilməsini təmin edən informasiya sistemidir. Bu sistem çərçivəsində qeydiyyatdan keçmiş hər bir QHT üçün "fərdi elektron kabinet"in yaradılması, onların fəaliyyətinə dair sənədlərin elektron formada qəbulu və cavablandırılması, qrantların ayrılması və verilməsi ilə bağlı sənədlərin elektron qeydə alınması və digər funksiyalar nəzərdə tutulmuşdur.

Qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxış edərək "Fərdi elektron pəncərə" elektron məlumat sisteminin vətəndaş cəmiyyətinin inkişafına, şəffaflığın artırılmasına və QHT-lərlə dövlət orqanları arasında səmərəli qarşılıqlı fəaliyyətə böyük təkan verəcəyini bildirmişlər.

Tədbir iştirakçılarına elektron məlumat sistemindən istifadə qaydaları barədə təlimat təqdim edilmiş, sistemə qoşulma ilə bağlı izahlar verilmiş və onları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

Keçidlər