X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan və Türkiyə arasında hüquqi əməkdaşlıq genişlənir

Mayın 27-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov respublikamızda səfərdə olan Türkiyənin daxili işlər naziri Efkan Alanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Dost və qardaş ölkələrimiz arasında zəngin müqavilə bazasına söykənən strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən hüquqi sahədə uğurla inkişaf etdiyini bildirən F.Məmmədov ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" müdrik kəlamını xatırlatmış, dövlətlərimizin rəhbərlərinin müntəzəm qarşılıqlı səfərlərinin bu əlaqələrin inkişafında xüsusi rolunu qeyd etmiş, hazırkı səfərin qarşılıqlı fəaliyyətin daha da genişlənməsinə böyük təkan verəcəyini bildirmişdir.

Nazir dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə və ədliyyə, o cümlədən penitensiar sahədə aparılan uğurlu islahatlar və qazanılmış nailiyyətlər barədə məlumat vermiş, türk dünyası bələdiyyələri çərçivəsində səmərəli əməkdaşlığı vurğulamış, həyata keçirilən tədbirlərdə, xüsusilə hakimlərin tədrisində Türkiyənin iştirakını və dəstəyini qeyd etmişdir.

F.Məmmədov qardaş ölkədə Soma kömür mədənində baş vermiş faciə ilə əlaqədar E.Alaya dərin hüznlə başsağlığı vermişdir.

İlk xarici səfərini Azərbaycana etməsindən məmnunluğunu ifadə edən türkiyəli nazir xalqlarımız arasında qardaşlıq münasibətlərinin inkişafında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin müstəsna rolunu qeyd etmiş, səfər zamanı respublikamızın hərtərəfli dinamik tərəqqisinin şahidi olduğunu bildirilərək nailiyyətləri təqdir etmişdir.

E.Ala regionda önəmli mövqeyə malik olan Azərbaycan və Türkiyənin həm ikitərəfli, həm də beynəlxalq səviyyədə daim bir-birlərini dəstəklədiyini, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkəmizin suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunması üçün Türkiyənin bundan sonra da dəstək göstərəcəyini vurğulamışdır. Qonaq ölkəsində Soma kömür mədənində kütləvi insan tələfatı ilə nəticələnən faciə ilə bağlı qardaş Azərbaycanın göstərdiyi fəal dəstəyə görə minnətdarlığını bildirmişdir.

Səmimi şəraitdə keçən görüşdə qarşılıqlı fəaliyyətin daha da genişlənəcəyinə əminlik ifadə olunmuş, maraq doğuran məsələlər ətrafında səmərəli fikir və təcrübə mübadiləsi aparılmışdır.

Tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun iştirak etmişdir.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.

Keçidlər