X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı keçirilmişdir

Ədliyyə orqanlarının kadr korpusunun yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik mütəxəssislər hesabına möhkəmləndirilməsi məqsədilə həyata keçirilən mütəşəkkil tədbirlər çərçivəsində iyun ayının 3-də növbəti açıq müsabiqə üzrə test imtahanı keçirilmişdir.

Şəffaflığın təmin edilməsi üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birlikdə vahid auditoriyada - Azərbaycan Texniki Universitetinin idman sarayında keçirilmiş imtahanı yerli və beynəlxalq müşahidəçilər, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri izləmiş, həmçinin formalaşdırılmış təcrübəyə müvafiq olaraq tədbirin gedişi Nazirliyin internet səhifəsi vasitəsilə "on-line" rejimində birbaşa yayımlanmışdır.

İmtahanda namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünyagörüşünü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarət olmuşdur. 300-dən çox namizədin iştirak etdiyi imtahanın nəticələrinə görə 131 nəfər müvəffəqiyyət qazanmışdır (siyahı Nazirliyin internet səhifəsində yerləşdirilmişdir).

Bildiririk ki, test imtahanında uğur qazanmış namizədlərlə müsabiqənin ikinci mərhələsində fərdi qaydada söhbət aparılacaqdır.

Bununla əlaqədar namizədlər söhbətdə iştirak etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini 15 gün ərzində, saat 09-dan 18-dək Ədliyyə Nazirliyinin Kadrlar idarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər. Sənədlərin siyahısını nazirliyin internet səhifəsindən əldə etmək olar.

Söhbətin vaxtı və yeri barədə namizədlərə əlavə məlumat veriləcəkdir.

Test imtahanının nəticələri barədə əlavə məlumatı Ədliyyə Nazirliyinin və TQDK-nın (www.tqdk.gov.az) internet saytlarından, eləcə də (012) 538-01-62, (012) 538-08-15 nömrəli telefonlar vasitəsilə almaq olar.

 

Keçidlər