X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Bakıda Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin Büro iclası keçirilmişdir

Azərbaycan Avropa Şurasına üzv qəbul olunduqdan sonra bu mötəbər təşkilatla və onun struktur qurumları ilə səmərəli əməkdaşlıq münasibətləri qurulmuş, birgə fəaliyyət sahəsində mütərəqqi islahatlar həyata keçirilmiş və bir çox mühüm nailiyyətlər əldə olunmuşdur. Cari ilin mayında Avropa Şurası Nazirlər Komitəsinə sədrlik Avstriyadan Azərbaycana keçmişdir.

Sədrlik çərçivəsində Avropa Şurasının mühüm struktur qurumlarından olan, üzv dövlətlərdə yerli demokratiyanın inkişafına, regionlararası əməkdaşlığın gücləndirilməsinə, yaxşı təcrübələrin öyrənilməsi və tətbiqinə səmərəli töhfələr verən Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin rəhbər orqanı olan Büronun iclasının Bakıda keçirilməsi qərara alınmışdır.

Tədbirdə iştirak etmək üçün Konqresin rəhbər şəxsləri, o cümlədən qurumun prezidenti Herviq Van Staa və Büro üzvləri Azərbaycana səfərə gəlmişlər.

Səfər zamanı qonaqlar Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə gül dəstələri qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə tər çiçəklər düzülmüşdür. Qonaqlar həmçinin, Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarlarını ziyarət etmişlər.

İyunun 17-də "JW Abşeron Marriott" otelində Konqresin Büro iclasının təntənəli açılışı olmuşdur.

Açılış mərasimində Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov, Konqresin prezidenti Herviq Van Staa, Milli Məclisin sədr müavini Bahar Muradova, Prezident Administrasiyası Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev, ölkəmizin Konqresdəki nümayəndə heyətinin üzvləri, bələdiyyə assosiasiyalarının, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin təmsilçiləri, bələdiyyə sədrləri iştirak etmişlər.

Mərasimdə çıxış edən nazir F.Məmmədov ölkəmizin Avropa Şurası, o cümlədən Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi ilə yerli özünüidarəetmə sahəsində səmərəli əməkdaşlığını vurğulayaraq Konqresin 20 illik yubileyinin qeyd olunduğu tarixi bir məqamda Büro iclasının Bakıda keçirilməsini əlamətdar hal kimi dəyərləndirmişdir.

Ölkəmizdə tədbir ərəfəsində Milli Qurtuluş Gününün qeyd olunduğu diqqətə çatdıran nazir ulu öndər Heydər Əliyev tərəfindən yerli demokratiyanın təşviqi, bələdiyyə institutunun formalaşdırılması və inkişafı istiqamətində mühüm addımların atıldığını, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yerli özünüidarəetmə sahəsində aparılan qanunvericilik və institusional islahatlar nəticəsində bələdiyyələrin fəaliyyətinin xeyli təkmilləşdiyini, onların yerli əhəmiyyətli məsələlərin həllində rolunun artdığını, bələdiyyə assosiasiyalarının yaradıldığını bildirmiş, həyata keçirilən tədbirlərdə Konqresin fəal dəstəyini qeyd etmişdir.

Konqresin prezidenti H.Van Staa çıxış edərək səmimi qonaqpərvərliyə və Büro iclasının yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını ifadə etmiş, sədrliyimiz dövründə Avropa Şurasının Azərbaycan üçün 2014-2016-cı illər üzrə Fəaliyyət Planının qəbul olunmasını yüksək qiymətləndirmiş, bələdiyyə assosiasiyalarının rolundan, yerli özünüidarəetmə sahəsində səmərəli təcrübə mübadiləsinin aparılmasından, habelə korrupsiya ilə mübarizənin əhəmiyyətindən danışmış, Konqresin Azərbaycanla məhsuldar əməkdaşlığının bundan sonra davam etdiriləcəyini bildirmişdir.

Açılışda Milli Məclisin sədr müavini B.Muradova, Prezident Administrasiyasının şöbə müdiri Ş.Əliyev və digər çıxış edənlər Azərbaycan və Avropa Şurası ilə səmərəli əməkdaşlıqda həyata keçirilən tədbirlərdən, o cümlədən bələdiyyələrin yaradılmasından, onların fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsindən, yerli əhəmiyyətli məsələlərin həllində rolundan, bələdiyyə assosiasiyalarının səmərəli fəaliyyətindən danışmış, Büro iclasının əhəmiyyətini qeyd etmişlər.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin zəbt olunması nəticəsində hazırda işğal altında olan 20% ərazilərimizdə yerli özünüidarəetmənin təşkilinin mümkünsüzlüyü, Azərbaycanın qaçqın və məcburi köçkünə çevrilmiş bir milyondan artıq vətəndaşının özünüidarəetmə hüququndan məhrum olması tədbir iştirakçılarının xüsusi diqqətinə çatdırılmışdır.

Sonra Büro gündəlikdə duran məsələlər üzrə öz işini davam etdirmişdir.

Tədbir çərçivəsində ədliyyə naziri Fikrət Məmmədovun və Konqresin prezidenti Herviq Van Staanın görüşü olmuşdur.

Avropa Şurası ilə sıx əməkdaşlığı qeyd edən nazir Konqresin Bakıda keçirilən Büro iclasının ikitərəfli əlaqələrə əlavə təkan verəcəyini vurğulamış, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən demokratik islahatlar, o cümlədən ən gənc təsisat olan bələdiyyələrin fəaliyyətinin yaxşılaşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi barədə məlumat vermiş, Konqreslə qarşılıqlı fəaliyyətin əhəmiyyətini, həyata keçirilən tədbirlərdə qurumun töhfəsini qeyd etmişdir.

Ölkəmizə səfərindən məmnunluğunu bildirən cənab H.Van Staa respublikamızda gedən müsbət dəyişikliklərdən və qazanılmış nailiyyətlərdən heyran qaldığını söyləyərək Azərbaycanın hərtərəfli dinamik tərəqqisini təqdir etmişdir. O, insan hüquqlarının müdafiəsində mühüm rol oynayan yerli demokratiyanın inkişafını qeyd etmiş, bu sahədə əməkdaşlığın daha da dərinləşməsinə böyük önəm verən Konqresin Azərbaycana bundan sonra da dəstək verməyə hazır olduğunu vurğulamışdır.

Konqres prezidentinin həmçinin, Milli Məclisin Regional məsələlər Komitəsinin sədri Arif Rəhimzadə, Sumqayıt bələdiyyəsinin sədri, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının rəhbəri Əbülfəz Babayevlə görüşü olmuşdur.

Həmin gün qonaqlar Heydər Əliyev Mərkəzi, Azərbaycanın tarixi və mədəni abidələri ilə tanış olmuşlar.

 

Keçidlər