X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ölkəmiz hüquqşünasların tədrisi üzrə Avropa Proqramında fəal iştirak edir

İyunun 16-17-də Strasburqda Avropa Şurası Hüquqşünasların insan hüquqları üzrə tədrisinə dair Proqramının (HELP) növbəti illik Konfransı keçirilmişdir.

Tədbirdə Avropa Şurasının İnsan hüquqları və qanunun aliliyi Baş Direktorluğunun rəsmiləri, üzv dövlətlərin nümayəndə heyətləri, HELP şəbəkəsinin təmsilçiləri iştirak etmiş, qurumun Baş katibinin müavini xanım Qabriella Battaini-Draqoninin konfrans iştirakçılarına müraciəti təqdim olunmuşdur.    

Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi çərçivəsində təşkil olunmuş Konfransın açılışında İnsan hüquqları Direktorluğunun rəhbəri Kristos Qiakumopulos və ədliyyə nazirinin müavini Toğrul Musayev giriş nitqi ilə çıxış etmişlər.

Avropa Şurası ilə səmərəli əməkdaşlığı, sədrliyimiz dövründə artıq ölkəmizdə bir sıra tədbirlərin keçirildiyini qeyd edən T.Musayev dövlətimizin siyasi iradəsi ilə ədalət mühakiməsinin, həmçinin hakimlərin, prokurorların, vəkillərin tədrisi və hazırlığı sisteminin daha da təkmilləşdirilməsi və inkişafı, bu istiqamətdə Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi üzrə görülən ardıcıl işlər barədə məlumat vermişdir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqi təcrübəsi, ölkəmiz üçün 2014-2016-cı illər üzrə Fəaliyyət Planında HELP proqramının imkanlarından geniş istifadənin nəzərdə tutulması diqqətə çatdırılmış, tədris şəbəkəsinin fəaliyyəti ilə bağlı tövsiyə və təkliflər bildirilmişdir.

Plenar iclasda Avropa Məhkəməsinin sədr müavini Qido Raymondi əsas məruzəçi qismində çıxış etmişdir. Konfransda insan hüquqlarının müdafiəsində milli məhkəmələrin rolu, İnsan hüquqları üzrə Avropa Konvensiyasının tətbiqi imkanlarının genişləndirilməsi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq, hüquq peşəsi sahiblərinin tədrisi sahəsində metodologiyaların müxtəlif aspektləri və s. mövzular müzakirə olunmuşdur.

Tədbir ərəfəsində Proqramın internet saytında Azərbaycan üzrə milli səhifə istifadəyə verilmişdir.

 

Keçidlər