X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Avropa Şurası Azərbaycanın məhkəmə-hüquq sistemindəki nailiyyətlərini təqdir edir

Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) Bakıda keçirilən Plenar iclası çərçivəsində ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov CEPEJ-in rəhbərliyi ilə görüşmüşdür.

Görüşdə Ali Məhkəmənin sədri Ramiz Rzayev və Avropa Şurası İnsan hüquqları və qanunun aliliyi üzrə Baş Direktorluğunun rəhbəri Filip Buaya iştirak etmişlər.

Ölkəmizin Avropa Şurası, o cümlədən CEPEJ ilə səmərəli əməkdaşlıq etdiyini vurğulayan nazir Azərbaycanın sürətli iqtisadi inkişafı, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, o cümlədən infrastrukturun müasirləşdirilməsi, hakimlərin seçimi, habelə korrupsiya ilə mübarizə sahəsində qazanılan nailiyyətlər barədə məlumat vermiş, Avropa Şurası Nazirlər Komitəsinə sədrliyimiz çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətini vurğulamış, qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu söyləmişdir.

CEPEJ-in prezidenti C.Steysi ölkəmizin 23 il ərzində əsrə bərabər inkişaf yolunu keçdiyini vurğulamış, islahatların mütərəqqi xarakterini, o cümlədən məhkəmə binalarının inzibati və ictimai zonalara bölünməsinin vətəndaşların məhkəmələrə inamının artmasına təsirini qeyd edərək, Azərbaycanın bu sahədə həyata keçirdiyi tədbirləri təqdir etmiş, üzv dövlətlərdə məhkəmələrdə iş yükünün azaldılması üzrə alternativ yolların axtarılmasının zəruriliyini, əhalinin hüquqi maarifləndirilməsinin əhəmiyyətini vurğulamışdır.

Qurumun vitse-prezidenti Georq Stava isə məhkəmə islahatlarının davamlı bir proses olduğunu qeyd edərək Azərbaycanın bu sahədə konkret işlər gördüyünü və ölkəmizin artıq hakimlərin ən şəffaf seçimi, müasir infrastrukturun yaradılması və elektron məhkəmə sisteminin tətbiqi üzrə qazandığı nailiyyətlərinə görə istinad nöqtəsinə çevrildiyini vurğulamış və bunu səmərəli əməkdaşlığın nəticəsi kimi dəyərləndirərək bildirmişdir ki, Azərbaycan bu sahədəki müsbət təcrübəsini digər dövlətlərlə bölüşə bilər.

Dövlətimizin korrupsiyanın qarşısının alınması və məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunması sahəsində güclü siyasi iradəsini qeyd edən F.Buaya səfər zamanı müasir məhkəmə binalarında qabaqcıl İKT-lərin və konseptual baxımdan yeni innovativ xidmətlərin tətbiqindən, habelə "ASAN xidmət" mərkəzlərinin vətəndaş məmnunluğuna yönələn fəaliyyətindən heyran qaldığını söyləmişdir.

Qonaq ölkəmizin Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində korrupsiya ilə mübarizə və məhkəmə sisteminin müasirləşdirilməsi kimi aktual mövzulara dair bu günlərdə keçirilən və özünün iştirak etdiyi iki mötəbər tədbirin yüksək səviyyədə təşkilini xüsusi qeyd etmişdir. F.Buaya Ədliyyə Nazirliyi ilə səmərəli qarşılıqlı fəaliyyəti vurğulayaraq bu əlaqələrə bundan sonra da dəstək göstərməyə hazır olduğunu bildirmişdir.

Görüşdə maraq kəsb edən məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.

Keçidlər