X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə naziri Horadizdə vətəndaşları qəbul edib

Ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq dövlət qurumları tərəfindən vətəndaşların müraciətlərinə hər zaman qayğı və həssaslıqla yanaşılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən müasir İKT-lər və elektron xidmətlər geniş tətbiq olunmaqla vətəndaşların bölgələrdə qəbulu davam etdirilir.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə uyğun olaraq oktyabrın 29-da ədliyyə naziri Fikrət Məmmədov Füzuli rayonunun Horadiz şəhərində Füzuli, İmişli, Beyləqan və Xocavənd rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib.

Qəbula yazılış qabaqcadan başlanılaraq vətəndaşların rahatlığının təmin edilməsi üçün nazirliyin elektron xidmətlər portalında xüsusi olaraq birbaşa yazılmaq imkanı yaradılıb.

Qəbuldan əvvəl nazir Fikrət Məmmədov və Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Həmçinin, Heydər Əliyev Mərkəzi ilə tanış olunub.

Gün ərzində aparılmış qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlər ilə bağlı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

Vətəndaşlar Horadiz şəhərində bölgənin sakinləri, xüsusilə burada məskunlaşmış qaçqın və məcburi köçkünlərin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Səfər zamanı ədliyyə naziri yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, hakimlər və ədliyyə işçiləri ilə görüşərək ölkə Prezidentinin vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, etik davranış qaydalarına ciddi riayət olunması, korrupsiyaya şərait yaradan hallara yol verilməməsi ilə bağlı tələblərini diqqətə çatdıraraq aidiyyəti tövsiyə və tapşırıqlarını verib.

Keçidlər