X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Niderlandla hüquqi sahədə əməkdaşlıq perspektivləri müzakirə edilmişdir

Avropa Şurası üzv dövlətlərinin mədəniyyət nazirlərinin «Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır» mövzusunda Konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olmuş Niderland Krallığının Xarici İşlər Nazirliyinin Regional siyasət və konsulluq məsələləri üzrə idarəsinin baş direktoru – nazir müavini Yan Henneman respublika ədliyyə nazirinin müavini Toğrul Musayevlə görüşmüşdür...

Bakıda keçirilən Konfransın əhəmiyyətini vurğulayan T.Musayev, bu sahədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən konkret tədbirlərin həm ölkə daxilində, həm də beynəlxalq aləmdə tolerantlığın təmin olunması və mədəniyyətlərarası münasibətlərin hərtərəfli inkişafına böyük töhfələr verdiyini bildirmişdir.

Dövlətlərimiz arasında hərtərəfli, o cümlədən hüquqi sahədə əlaqələrin getdikcə genişlənməsini məmnunluqla qeyd edən ədliyyə nazirin müavini, iki ölkənin Ədliyyə Nazirlikləri arasında imzalanmış Anlaşma Memorandumunun əməkdaşlığın inkişaf etdirilməsinə real imkanlar yaratdığını bildirmiş və Azərbaycanda son illər ərzində məhkəmə sisteminin, habelə ədliyyə orqanlarının müasirləşdirilməsinə yönəlmiş məqsədyönlü tədbirlər haqqında ətraflı məlumat vermişdir.

Konfransın yüksək səviyyədə təşkilindən razılığını bildirən qonaq, qəbul edilmiş Bakı Bəyannaməsinin Avropa və ona qonşu regionlar arasında mədəni əməkdaşlığın gücləndirilməsinə xidmət edəcəyini vurğulayaraq, ölkəsinin Azərbaycanla hüquq sahədə əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verdiyini və müvafiq sahələr üzrə yardımın göstərilməsinə hazır olduğunu bildirmişdir.

Görüşdə, niderlandlı mütəxəssislərin respublikamızda yeni yaradılacaq inzibati məhkəmələrin formalaşdırılması, hakimlərin, prokurorların və digər hüquqşünas kadrların tədrisinə cəlb olunması imkanları, habelə readmissiya məsələləri və qarşılıqlı maraq doğuran digər sahələr ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.

Tədbirdən sonra qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

Keçidlər